BAKI, 21 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində “Mülki müdafiə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda metodiki toplantı keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə FHN-in Aran Regional Mərkəzinin əməkdaşları, regiondakı şəhər və rayon icra hakimiyyətlərinin mülki müdafiə qərargahlarının rəisləri, aidiyyəti xidmətlərin, idarə və təşkilatlarınn səlahiyyətli şəxsləri iştirak ediblər.

Toplantının keçirilməsində əsas məqsəd ərazidə mülki müdafiə işinin təşkilinin mövcud vəziyyətinin təhlili, görülmüş işlər və qarşıda duran vəzifələrə dair fikir mübadiləsinin aparılması olub.

Toplantıda çıxış edənlər tədbirin əhəmiyyətindən bəhs edərək, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Tədbirdə Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən müvafiq ərazidə mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlərdən söz açılıb, onların həllinə dair təkliflər səsləndirilib. Həmçinin, ərazidə yerləşən idarə və təşkilatlara mülki müdafiə sahəsində göstərilmiş metodiki köməkliklərdən danışılıb, əhalinin xəbərdar edilməsi, maarifləndirmə sahəsində görülmüş işlərdən bəhs olunub.

Metodiki toplantıda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.