BAKI, 9 iyun. TELEQRAF

Bu il II Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümüdür. Bolşevizmlə faşizm arasındakı bu mübarizədə Azərbaycan xalqı yüz minlərlə itki verib, yüzlərlə insan vətəndən uzaqda mühacir həyatı yaşayıb. Dünyanın müxtəlif ölkələrinə səpələnən bu şəxslər haqqında müxtəlif yazılarımızda məlumat vermişik. Silsiləni davam etdirərək alman əsir düşərgəsində, daha sonra qaçqın kamplarında yaşamış və nəhayət, Avropanı dolaşaraq Türkiyəyə gəlmiş bəzi azərbaycanlıların həyat hekayələrini təqdim edəcəyik.

Əli Əsəd Altunqaya

Əli Əsəd Babayev haqqındakı ən geniş məlumatı qədərdaşı Məhəmməd Kəngərlinin qələmə aldığı nekroloq yazıdan öyrənirik.

Əli Əsəd bəy 1899-cu ilin yazında Qubada tacir ailəsində doğulub. Kiçik yaşlarından etibarən xüsusi müəllimlər vasitəsilə ərəbcə, farsca və rusca dərsləri alıb. Təhsilini davam etdirmək üçün Bakıya gəlib, həmin ərəfədə Azərbaycanda cümhuriyyət elan edildiyi üçün yeni dövlətin formalaşmaqda olan ordusunun sıralarına qoşulub. Bakı, Quba, Yevlax və Zaqatalada bolşeviklərə qarşı mübarizədə iştirak edib, daha sonra erməni hücumuna məruz qalan Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərə qatılıb. Bu döyüşlərdə yaralanıb. Rusiyanın Azərbaycanı işğal etməsiylə barışmayan Əli Əsəd bəy 1928-ci ildə Qubadakı qiyama, 1930-cu ildə isə Xaçmaz və Qusarçaydakı hərəkatlara qoşulub.

II Dünya müharibəsi başladığı zaman Əli Əsəd bəy cəbhəyə göndərilib, almanlara əsir düşüb. M. Kəngərli onun alman cəbhəsindəki fəaliyyətindən bu şəkildə bəhs edib:

“İkinci Cahan hərbində almanlara iltica etmiş və könüllü olaraq alman ordusuna yazılaraq teymən (leytenant) rütbəsiylə hərbin sonuna qədər Şərq cəbhəsindəki birliklərdə rus ordularına qarşı əlində silah çarpışmışdır. Onu ilk dəfə olaraq 1943-cü ilin oktyabrında çətin bir müharibədən sonra ikinci dəfə rusların mühasirəsindən geri aldığımız Xerson şəhəri civarında, Dnepr çayı sahilindəki tənha bir qamışlığın içərisində qara boyanaraq inləyən azərbaycanlı fədailər arasında silahına sımsıx sarılmış surətdə görmüş, əzmkar, cəsarətli olmağına və yüksək mənəviyyatına heyran qalmışdım. Bağlı olduğu 182-ci alman Schutzman taboru komandanı ilə birlikdə tamamilə məhv edildiyi halda bu qəhrəman azərbaycanlı vətənsevər yanındakı 15 nəfərlə üç gün mühasirədə qalmış, çoxlu qan itirməsinə rəğmən təslim olmamışdı. Buna görə də 742 nömrəli Armee Feldlazarett-ə aparılmış, alman məqamları tərəfindən III dərəcəli yaralanma nişanı və II dərəcəli piyada təərrüz medalı ilə təltif edilmək surətiylə adıçəkilən xəstəxanaya texniki idarə amiri olaraq təyin edilmişdir. Onu ikinci dəfə müttəfiqlərin zəfərindən sonra 1945-ci ilin iyul ayında Almaniyanın Fulda şəhərinə gəlişimdə stansiya vağzalında, müttəfiq işğal qüvvətləri tərəfindən qafqazlı türklərin xüsusi surətdə hazırlanmış qatarlarla cəbrən Rusiyaya verildikləri acı bir gündə, özü ilə bərabər gətirdiyi mülki şəxslərə məxsus paltarları göndərilməkdə olan azərbaycanlı qardaşlarına əlaltından geydirərək qaçırdığı zaman görmüş və həyatı bahasına bu təhlükəli işə girişdiyi, əski mətanətini hələ də mühafizə etməkdə olduğu üçün ona qarşı sevgim bir qat daha artmışdı”.

Müharibədən sonra müttəfiqlərin nəzarətində olan Almaniyanın Mittenvald şəhərindəki qaçqın düşərgəsində qalan Əli Əsəd bəy 1946-cı ildə burada türklər tərəfindən qurulan “Axın klubu”nun və onun orqanı olan “Axın” məcmuəsinin ümumkatibi olmuş, türkcə bilməyən Şimali Qafqazlı müsəlmanlara türk dili və əlifbasını öyrətmişdir.

1948-ci ildə Türkiyəyə gələn Əli Əsəd bəy burada Altunqaya soyadını götürüb, Adana şəhərinin millət vəkili Sinan Tekelioğlunun qohumu Aişə xanımla ailə həyatı qurub. Əvvəlcə Ziraət Fakültəsinin Entomologiya İnstitutunda, daha sonra TMO laboratoriyasında qarışıq analizlər şöbəsində çalışıb.

Cümhuriyyət dövründə və II Dünya müharibəsində ruslarla savaşmış Əli Əsəd Altunqaya 4 avqust 1956-cı ildə infarkt nəticəsində vəfat edib. Ankarada Cəbəci Əsri məzarlığında dəfn edilib.

Nəsib Gəncəli

II Dünya müharibəsi iştirakçılarından Nəsib Gəncəli 1918-ci ildə Cümhuriyyətin ilk paytaxtında dünyaya göz açıb. 1941-ci ildə cəbhəyə göndərilib, 1942-ci ilin mayında almanlara əsir düşüb. Yeddi ay alman əsir düşərgəsində qaldıqdan sonra Azərbaycan Legionunun sıralarına qəbul olunub. Krım və Nalçik cəbhəsindəki döyüşlərdə iştirak edib. Müharibə bitdikdən sonra qədərdaşları ilə birlikdə əvvəlcə İsveçrəyə gedib, daha sonra oradan gəmi ilə Türkiyəyə gəlib. Nazilli bölgəsinə yerləşən Nəsib bəy Sümerbank basma fabrikində yeddi il çalışıb, daha sonra sərbəst işlərlə məşğul olub. Nazillidə ailə həyatı quran Nəsib Gəncəlinin üç oğlu, bir qızı olub. 1 sentyabr 1986-cı ildə avtomobil qəzasında həyatını itirib. Oğlu Həmid Gəncəlinin yazdığına görə, Nəsib bəy vətənpərvərlik, millətçilik hisslərini övladlarına aşılayıb, Qafqaz oyun və nəğmələrini çox sevib.

Mayıl Mustafayev

II Dünya müharibəsi iştirakçılarından Mustafayev Mayıl Ayaz oğlu 1910-cu ildə İsmayıllı rayonunun Basqal kəndində doğulub. 1941-ci ildə cəbhəyə göndərilib, döyüşlərdə almanlara əsir düşüb. Müharibədən sonra bir müddət qaçqın düşərgəsində yaşayan Mayıl bəy daha sonra Türkiyəyə gəlib, İzmit şəhərinə yerləşib. Azərbaycanda Əyyub və Müseyib adında qardaşları, Xasay adında oğlu olub.

İbrahim Özay

Naxçıvanın Kərimbəyli kəndində doğulub. 1939-cu ildə ordu sıralarına çağırılıb, müharibə başladığı zaman cəbhəyə göndərilib. Döyüşlərin birində almanlara əsir düşüb. Mətbuata müsahibəsində həyat hekayəsindən bu şəkildə bəhs edib: “Alman əsir kampında ağlasığmaz əziyyətlər çəkdik. Sonra qurtulduq. Tale bu dəfə məni İtaliyaya atdı. Bologna şəhərinə yerləşdim, evləndim. Üç qızım, altı nəvəm var. Böyük qızıma anamın adını qoymuşam: Gülçöhrə. Ortancıl qızımın adı Ülkər, sonbeşiyimin adı Türkandır. Əvvəl qürbətə alışa bilmirdim. 1947-ci ildə Azərbaycana yaxın olum deyə Türkiyəyə köçdüm. 9 il sonra yenidən İtaliyaya qayıtdım. Likör zavodunda işlədim, əvvəl fəhlə, sonra usta oldum. İndi pensiyadayam”.

İbrahim bəy 50 illik ayrılıqdan sonra Azərbaycana gələ bilib, Bakını və qardaşının yaşadığı Goranboy rayonunun Dəlməmmədli kəndini ziyarət edib. Müsahibəsində həm Hitlerə, həm Stalinə lənət oxuyub...