BAKI, 1 iyun. TELEQRAF

Hər il iyunun 1-də dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.

Teleqraf xəbər verir ki, bu əlamətdar gün uşaqların hüquqlarının qorunmasına diqqət çəkmək, onların rifahı, təhlükəsizliyi və inkişafı üçün dövlətlərin və cəmiyyətin üzərinə düşən vəzifələri xatırlatmaq məqsədi daşıyır.

Uşaqlar – cəmiyyətin gələcəyidir. Onların sağlam və təhlükəsiz şəraitdə böyüməsi, keyfiyyətli təhsil alması və hüquqlarının təmin olunması hər bir dövlətin əsas prioritetlərindən biri olmalıdır. 1 İyun isə bu həssas məsələlərə diqqəti cəlb edən simvolik gündür.

Tarixi və məqsədi

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1950-ci ildə qeyd olunub. Bu təşəbbüs Beynəlxalq Demokratik Qadınlar Federasiyası tərəfindən irəli sürülüb və qısa müddətdə bir çox ölkələrdə dəstəklənərək ənənəyə çevrilib.

BMT-nin Uşaq Hüquqları Konvensiyası isə bu sahədə ən əhəmiyyətli beynəlxalq sənəddir. Konvensiya bütün uşaqların yaşamaq, inkişaf etmək, zorakılıqdan qorunmaq və fikrini azad ifadə etmək hüququnu tanıyır. Bu sənəd dünyanın əksər ölkələri tərəfindən ratifikasiya edilib.

Azərbaycanda uşaqların müdafiəsi sahəsində görülən işlər

Azərbaycanda da uşaqların hüquqlarının qorunması sahəsində bir sıra mühüm addımlar atılıb. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, Milli Fəaliyyət Planları, təhsil və sosial müdafiə proqramları bu sahədə hüquqi və institusional bazanı formalaşdırır.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Çağrı Mərkəzinə uşaq hüquqları ilə bağlı 420 vətəndaş müraciəti daxil olub. Onlar arasında alimentlə bağlı məhkəmə qərarının icra edilməməsi, qəyyumluq, himayə, ünsiyyət, elm və təhsil , maddi yardım, hüquq mühafizə orqanlarının fəaliyyəti ilə bağlı məsələlər, uşaqlıq dövrünün mühafizəsi, erkən evlilik, müavinətin, əlilliyin, pensiyanın təyin edilməməsi, şəxsiyyət vəsiqəsinin veilməməsi problemlər üstünlük təşkil edib.

2025-cü ilin I rübündə isə Çağrı Mərkəzinə uşaq hüquqları ilə bağlı 81 vətəndaş müraciəti daxil olub. Müraciətlərlə bağlı Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə, Yerli İcra Hakimiyyəti orqanlarına, Daxili İşlər Nazirliyinə, Elm və Təhsil Nazirliyinə müraciətlər olunub.

Eyni zamanda, uşaqların zorakılıqdan və istismardan qorunması, azyaşlıların hüquqi maarifləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərilməsi istiqamətində layihələr həyata keçirilir.

Azərbaycanda 1 İyun münasibətilə hər il uşaq festivalları, konsert proqramları, rəsm və idman müsabiqələri, sosial aksiyalar təşkil olunur. Həm paytaxt Bakıda, həm də regionlarda məktəblər, bağçalar və mədəniyyət mərkəzlərində uşaqlar üçün əyləncəli və maarifləndirici tədbirlər keçirilir.

Cəmiyyətin rolu və məsuliyyəti

Mütəxəssislərin fikrincə, uşaqların hüquqlarının təmin olunması yalnız dövlətin deyil, ailənin, ictimai təşkilatların və ümumilikdə cəmiyyətin birgə məsuliyyətidir. Uşağın düzgün tərbiyəsi, mənəvi-psixoloji sağlamlığı və sosial rifahı üçün ailə mühiti qədər, ümumi ictimai davranış da mühüm rol oynayır.

Təəssüf ki, bu gün də dünyada milyonlarla uşaq silahlı münaqişələrdən, yoxsulluqdan, məcburi köçkünlükdən və təhsilsizlikdən əziyyət çəkir. Uşaqların hüquqlarının müdafiəsi üçün qlobal miqyasda daha ciddi əməkdaşlığa və həmrəyliyə ehtiyac var.