BAKI, 15 may. TELEQRAF
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısında duran əsas məsələ Ailə Konsepsiyasının hazırlanmasıdır.
Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda keçirilən konfransda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ailə hər bir xalqın, millətin milli kimliyi məsələsidir. Onu möhkəm qorumalıyıq.
"Bu sahədə beynəlxalq əməkdaşlığa ehtiyac var. Milli maraqları qorumaq lazımdır. İndiyə qədər milli və beynəlxalq səviyyədə bir sıra layihələr icra olunub, müəyyən nəticələr əldə edilib. Azərbaycan ailəsi və onun maraqları, milli dəyərlərimizlə bağlı ciddi tələblər ortaya qoyulur. Bizim bu sahədə ciddi problemlərimiz var".
Komitə sədrinin sözlərinə görə, ənənəvi dəyərlər hər dövrdə dəyişikliyə uğrayıb.
“Anlayırıq ki, bir sıra çətinliklərlə üz-üzəyik. Bizi çox ciddi narahat edən məsələlər var. Onların həlli istiqamətində bir sıra layihələr icra edib, ayrı-ayrı universitetlərlə birlikdə ciddi işlər görürük".- o əlavə edib.
B. Muradova qeyd edib ki, xarici dildə təhsil verən müəssisələrdə Azərbaycan dilində dərsliklərin olması vacibdir. Bununla bağlı xüsusi proqram hazırlana bilər.
"Həmin təhsil müəssisələrində yüksək nailiyyətlərə imza atan şagirdlər öz tarixinə, mədəniyyətinə yetərincə bələd olmur. Ona görə bu kimi istiqamətlərdə dərsliklərin Azərbaycan dilində olması vacibdir. Bu məsələ ilə bağlı aidiyyəti qurumlarla birlikdə işləməliyik".
Milli Məclisin deputatı Mehriban Vəliyeva qeyd edib ki, özünənəzarət, özünütərbiyə, özünüinkişaf məsələsi çox ciddi məsələdir.
"Bu məsələlərdə konseptual sənəd olmalıdır, təkcə məktəb məsuliyyət daşımalı deyil".