BAKI, 22 aprel. TELEQRAF
"Televiziya proqramlarında əsasən də sosial verilişlərdə bəzi aparıcılar efirə çıxan şəxslərin hüquqlarını pozurlar. Həmin şəxslər bununla bağlı şikayət etməlidirlər".
Teleqraf xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi-eksperti Heydər Əliyev “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda keçirilən tədbirdə deyib:
"Bu zaman əgər hüquqları pozulan şəxs şikayət etməsə prokurorluqda iş açıla bilməz. Həmin şəxs özü hüququnun pozulmasına icazə verirsə, deməli, bu da düşünüləsi məsələdir. Şəxs hüququ pozulduğu halda məhkəməyə müraciət etməlidir".
Qeyd edək ki, tədbir Medianın İnkişafı Agentliyi və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.