.jpg)
BAKI, 27 mart. TELEQRAF
Martın 17-də Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqənin itkin düşməsi ilə bağlı xəbərlər sosial mediada geniş yayılmışdı. İlk olaraq, onların evdən qaçdığı və ciddi narahatlıq yarandığı bildirilmişdi. Onlardan ikisi tapılsa da, üçüncünün taleyindən hələ də xəbər yox idi.
Teleqraf-ın əməkdaşı məsələ ilə bağlı itkin düşən yeniyetmə X.O-nun anası ilə əlaqə saxlayıb.
O, qızının qaçdığı ilə bağlı yayılan xəbərlərin doğru olmadığını bildirib.
Ana söyləyib ki, qızı barəsində yayılan sözlər boş və cəfəngdir.
"Bizdən qisas çıxmaq üçün bu yola əl atılıb. Qızlar bir-birilərini tanımırlar, sadəcə qonşuluqda yaşayırlar. Mənim qızım evdə olub, onlar hara gedib, bilmirəm, maraqlanmıram da. Qızım yanımda ola-ola onun şəkillərini də yayıblar. O hazırda evdədir, hadisədən sonra polisə apardım ki, övladımın yanımda olduğu barədə onları məlumatlandırım", - deyə ana bildirib.
O, işlərindən yana evdən səhər çıxıb axşam gəldiyini deyərək qeyd edib: "Qızım 7-ci sinifə oxuyur. Mən də müraciət edirəm ki, bunu kim edibsə, özünü yığışdırsın. Bilmirəm nə məqsədlə edilib. Bütün qohumlar gəlib soruşurlar ki, bu nə xəbərdir. Deyirəm uşaq ilk gündən evdədir. Hərə bir şey yazır, məlumatın biri səhvdir, bir düzdür. 13 yaşlı uşağı kim Dubaya apara bilər, onun sənədi yox, şəxsiyyəti vəsiqəsi yox".
Ana əlavə edib ki, qızı idmanla məşğul olur və indidən ali məktəbə hazırlaşır.
"Bir daha deyirəm ki, digər qızların ailəsini tanımıram. Sadəcə, bayram tonqalı ətrafına toplaşıblar. Valideynlərdən biri mənim qızımı da onların yanında görüb. Elə bilib o da digər qızlarla qaçıb. Qeyd etdiyim kimi, əgər qaçıbsa, niyə polis məlumat vermir? Deməli yanımdadır ki, heç bir xəbər çıxmadı", - deyə o söyləyib.