BAKI, 5 mart. TELEQRAF

Son 20 ildə qanunverici orqanda qadınların təmsilçiliyi 11.2%-dən 20.8%-ə çatıb.

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün Heydər Əliyev Sarayında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dövlət qurucuları arasında, hüquq-mühafizə orqanlarında, hakimlər arasında qadınların sayı artıb.

"Dövlət qulluqçuları arasında 29,7%-lik iştiraka malik qadınlar, hakimlər korpusunda, hüquq-mühafizə orqanlarında və vəkillər arasında sıralarını daha da genişləndirməkdədir".

O həmçinin bildirib ki, qadınların informasiya texnologiyaları və süni intellektə marağı daha da artıb, rəqəmsal iqtisadiyyatda geniş imkanlar əldə ediblər.

"Ölkəmizdə qadınların təhsil, sahibkarlıq və əmək bazarına çıxışı son illərdə daha əlçatan olub",- deyə B. Muradova əlavə edib.