BAKI, 20 fevral. TELEQRAF
"Dövlət Komitəsinin dəstəyi ilə "Gənc qızların təhsilinə dəstək" layihəsi təşkil olunub. 4 il ərzində 100-lərlə qız bu layihədən yararlanıb".
Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BDU-nun əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən dövlət proqramları və məqsədyönlü islahatlar insan kapitalının inkişafını təmin etməklə yanaşı, qızların təhsili imkanlarını da genişləndirir.
"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə mühüm layihələr həyata keçirir. Bu fəaliyyətin stimullaşdırdığı bir neçə layihə də Dövlət Komitəsi tərəfindən reallaşdırılmaqdadır. 2021-ci ildən etibarən Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən "Gənc qızların təhsilinə dəstək" layihəsi, Təhsilin İnkişafı Fondu ilə birgə fəaliyyət nəticəsində təsis olunmuş "Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı” da bunlardandır. "Sən tək deyilsən" layihəsi çərçivəsində "Gələcəyə əmin addımlarla" şəhid xanımlarının təhsilinə dəstək proqramı təsis edilib".
Komitə sədri bildirib ki, qızların təhsili həm də cəmiyyətin tərəqqisi və iqtisadi güclənməsi baxımından vacib amil olmaqla gələcəyə qoyulan sərmayə kimi dəyərləndirilməlidir.
"Aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində qızların ali təhsil müəssisələrinə qəbulunu təşviq etmək, onların akademik inkişafına dəstək olmaq və təhsildə gender bərabərliyini təmin etmək əsas hədəflərdən biridir. Bunun üçün hazırda müasir təhsil imkanlarını və innovasiyaları təşviq edən bir mühit formalaşdırılmaqdadır.
Konfransda respublikanın 58 regionunu əhatə edən 27 təhsil müəssisəsindən qızlar iştirak edirlər. Hesab edirəm ki, onlar bu günün qəhrəmanlarıdırlar.
Bu gün imzalanacaq memorandum çərçivəsində ailə institutu, milli dəyərlərlə bağlı elmi tədqiqatlar aparılacaq, sorğular keçiriləcək. Birgə hədəflər bizi məqsədlərimizə daha tez çatdıra bilər”.
Konfrans çərçivəsində Komitə və BDU arasında elmi-tədqiqat, təhsil, sosial və innovativ layihələr çərçivəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə memorandum imzalanıb.
Qeyd edək ki, konfransın məqsədi “Gənc qızların təhsilinə dəstək” layihəsinin əhatə dairəsini genişləndirmək, təhsil ocaqlarında, akademik dairələrdə daha geniş auditoriyanın diqqətini qızların təhsilinə cəlb etmək, onların ictimai-sosial fəallığının artırılmasına dəstək olmaqdır.

.jpg)