BAKI, 14 fevral. TELEQRAF

Bu gün Yüksək Texnologiyalar Parkı və ali təhsil müəssisələri arasında "SABAH.city" layihəsi çərçivəsində əməkdaşlığın qurulmasına dair Anlaşma Sazişinin imzalanma mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, sazişə əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İT, mühəndislik və elm istiqamətlərində seçilmiş SABAH qrupları proqramlarının tədrisinin 2026-cı ildən etibarən YTP ərazisində yeni qurulacaq “SABAH.city” şəhərciyində keçirilməsi nəzərdə tutulur.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən SABAH proqramının əhatə dairəsinin mərhələlərlə genişləndirilməsi barədə aparılan işlər barədə ətraflı məlumat verib və YTP ilə bu istiqamətdə “SABAH.city” innovasiya şəhərciyi çərçivəsində baş tutacaq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov rəhbərlik etdikləri universitetlərdə SABAH proqramları çərçivəsində görülən işlər haqqında çıxış edərək ali təhsilin keyfiyyətini yüksəltmək üçün yeni yanaşmaların tətbiqinin zəruriliyini qeyd ediblər. Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov “SABAH.city” innovasiya şəhərciyi və ali təhsil müəssisələri arasında əməkdaşlıq barədə təqdimat edərək bildirib ki, bu layihə çərçivəsində müasir standartlara cavab verən infrastruktur, yenilənmiş kurikulum, innovativ tələbə qiymətləndirmə sistemi və yüksək ixtisaslı professor-müəllim heyəti ilə təhsilin keyfiyyəti daha da yüksəldiləcək.