Lənkəranda fevralın 5-i axşam saatlarından intensivləşən yağışlı hava şəraiti fevralın 6-da da davam edib.

Teleqraf.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Lənkəran-Astara zonasına intensiv leysan yağışları yağıb və yağıntının miqdarı Lənkəranda 133 mm-dək olub.

Kəskin hava şəraiti ilə bağlı Lənkəran rayonu ərazisindəki bir sıra çaylardan sel keçib, bir sıra fərdi yaşayış evlərini və təsərrüfat sahələrini sel basıb.

İntensiv yağan leysan yağışları nəticəsində suötürücü kollektor və kanalların həcmi və ötürücülük qabiliyyəti texniki baxımdan sel sularının ötürülməsinə imkan vermədiyi üçün rayonun bəzi ərazilərində qısa müddətli subasma halları müşahidə edilib.
Qeyd edək ki, hava şəraitinin kəskinləşməsi ilə bağlı Lənkəran rayon Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Rayonun subasma halları müşahidə olunan ərazilərində aidiyyəti qurumlarla birgə işlər aparılır. Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin ağır texnikaları ərazilərə cəlb edilib, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin işçi qüvvəsi səfərbər olub, mərkəzin xilasediciləri tərəfindən bir neçə ailənin üzvü təxliyyə edilib.
Bununla belə, subasma halları müşahidə olunan ərazilərdə gündəlik tələbat mallarının tədarükü tam şəkildə təmin edilib, rayon ərazisində qazın, işığın və elektrik enerjisinin verilişində heç bir problem yaranmayıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov da subasma halları müşahidə olunan ərazilərə baş çəkib, işlərin gedişatı ilə maraqlanıb, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Hazırda rayonun bütün aidiyyəti idarələri koordinasiyalı şəkildə bu istiqamətdə fəaliyyətini davam etdirirlər.

Teleqraf.com-un cənub bürosunun müxbiri yağışın intensiv düşdüyü məkanlardan biri - Lənkəran rayonunun Girdəni kəndində olub.

Kənd sakini Əhliman Əskərov yağışın kənddə yaratdığı fəsadlar barədə məlumat verib.
"Hazırda durduğumuz ərazi Girdəni kəndində "təzə məhəllə" adlanır. Bu məhəllədə təxminən, 20-ə yaxın ev var. Burada, həmçinin fermalar da mövcuddur. Kənddə dünən axşamdan leysan yağmağa başladı, əraziyə yaxın Ləkər çayında suyun səviyyəsi qalxdı. Çay qalxan kimi məhəllə sakinləri hamısı evlərini tərk edib, bir az aralıda qohumlarının evinə getdilər. Mən də gərək indi kəndə gedəm, evdə toyuq-cücə, mal-qaranın hamısını ora aparmışam. Şükür Allaha, FHN əməkdaşları gəlib, köməklik göstərdilər. Həyətlərini su basmış sakinləri təxliyə edirlər. Bu dəqiqəyə qədər 6-7 ailəni çıxara biliblər".

Qeyd edək ki, sözügedən ərazidə həyətlərdə 70-90 sm hündürlüyündə su var.