“Təhsil Nazirliyinin tərkibində Dövlət ali təhsil müəssisəsələrini qırmızı diplomla bitirən şəxslərə deyirlər ki, müəllim işləmək üçün yenidən attestasiyadan keç. Bu, doğru hal deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə Əmək Məcəlləsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

“Məsələn, tələbə Azərbaycan Dövlət Pedoqoji Universiteti bitirir, dövlət ona diplom verir. Bundan sonra onun oxuduğu təhsili qoyuruq bir kənara, gedib Təhsil Nazirliyindəki komissiyadan keçməlidir. Burada müəyyən edilir ki, həmin şəxs müəllim işləyə bilər, ya yox. Bəs dövlətin verdiyi diplom necə olsun?”,- Novruzov bildirib.

Əlavə edib ki, əslində ixtisasartırmada belə yanaşma tətbiq edilə bilər: “Məsələn, müəllimlər, həkimlər gəlib öz sahəsində yenilikləri öyrənər, alimlər son yanaşmalarla bağlı dərslərini verər, sonra da imtahan verib işlərinə qayıdarlar.

Amma indiki halda universiteti bitirdikdən sonra müəllim işləmək üçün yenidən imtahana verməlidir. Diplomu dövlət verir. Xaricdə belə hal olanda şəxs ya universiteti, ya da müəssisəni məhkəməyə verir.

Üstəlik bu insanların elələri var ki, ödənişli əsaslarda oxyub, deməli, oxuduğu illərdə ödədiyi bir neçə min manat havaya sovrulur?”.