İntiharla bağlı xəbərlərin yayılması bu hadisələrin sayının artmasına səbəb olur.

Teleqraf.com-un məlumatına görə, bunu bu gün Mətbuat Şurasında keçirilən mətbuat konfransında Şura sədri Əflatun Amaşov deyib.

O bildirib ki, intihar konkret hadisədir: "Bütün dünyada intiharlar olur. Ən çox intiharlar Skandinaviya ölkələrində baş versə də, bu ölkələrin mətbuatında bu cür xəbərlər az yayılır".

"Bir sıra sayt, qəzet, televiziyalar və sosial şəbəkələrdə intiharla bağlı xəbərlərin sayı artır.

Hadisə xəbərlərində insanlar qəhrəmana çevrilir. Cəmiyyətdə iradəsi zəif insanlar bu xəbərlərlə media vasitəsi ilə məlumatlanır, problemlərdən çıxış yolunu da intiharda görür. Nəticədə intiharların sayı artır. Sosial problemlər, yoxsulluq insanları intihara aparır. İntiharlar bütün dünyada baş verir və belə xəbərlər azlıq təşkil edir", - Şura sədri deyib.

Mətbuat Şurasının üvzü Şəmsəddin Əliyev vurğulayıb ki, "Azərbaycanda intihar hallarının qarşısının alınması üçün aidiyyəti qurumlar səfərbər olunmalı, ailələr arasında təbliğat aparılmalıdır".

O bildirib ki, məişət zorakılığı insanları daha çox intihara sürükləyən faktordur: "Məişət zorakılığından əziyyət çəkənlər rayon-rayon müəyyən edilməlidir. Həmin ailələri tədqiq etmək mümkündür".

Şəmsəddin Əliyev qeyd edib ki, ölkədə baş verən intihar hallarının səbəbləri araşdırılmalıdır.

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə deyib ki, intiharların yayılmasını təkcə jurnalistlərin xəbər yazması ilə əlaqələndirmək düzgün deyil: "Amma özümüzü kənara da çəkməli deyilik. İntihar hallarının yayılması, səbəblərini yaymaq da doğru deyil. İntiharların baş verməsi prosesini əvvəldən axıradək təsvir edirlər. Elə yazırlar bu proses insanlarda maraq oyadır ki, bu prosesi necə edir. Zəif iradəli insanlar da bu xəbəri oxuyur, az qalır onu özündə tətbiq etsin. Bu, intiharın müəyyən insanlara təşviqidir".

Aydın Quliyev təklif edir ki, mediada monitorinqlər keçirilsin: "Həmin monitorinqlərdə müzakirə olunmalıdır ki, hansı media qurumu hansı intihar xəbərini necə yayıb. Digər tərəfdən, telekanallardakı bəzi verilişlərdə intihar xəbərlərinin müzakirəsi qadağan edilsin. Bununla bağlı Audiovizual Şuraya müraciət hazırlayaq".