BAKI, 7 avqust. TELEQRAF

Azərbaycan və Türkiyə alimləri yenidoğulmuşlarda risk proqnozlaşdırılması üzrə birgə tədqiqat aparıblar.

Teleqraf xəbər verir ki, araşdırma Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının əməkdaşı və K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-neonatoloqu Nərmin Əzizova tərəfindən, Azərbaycan Tibb Universitetinin Tibbi və Bioloji Fizika kafedrasının müdiri professor İsmayıl Qafarov, Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşı, tibb üzrə elmlər doktoru Nailə Rəhimova və Ankara Universitetinin Pediatriya fakültəsinin professoru Ömər Erdeve ilə əməkdaşlıq çərçivəsində aparılıb.

Azərbaycan və Türkiyədən olan alimlərin birgə apardığı araşdırmada neonatal reanimasiyada istifadə edilən risk qiymətləndirmə şkala sistemlərinin effektivliyi yenidən təhlil olunub. Tədqiqatın məqsədi bu şkala sistemlərinin anadangəlmə qüsurlarla doğulan və kritik vəziyyətdə olan yenidoğulmuşların klinik vəziyyətini nə dərəcədə dəqiq əks etdirdiyini qiymətləndirmək olub.

Araşdırmada beynəlxalq praktikada geniş tətbiq olunan SNAPPE II, NTISS, CRIB və MINT kimi risk dəyərləndirmə alətlərinin klinik informativliyi müqayisəli şəkildə araşdırılıb. Tədqiqat müəllifləri qeyd edirlər ki, bu şkala sistemləri müxtəlif ölkələrin səhiyyə sisteminə uyğunlaşdırılmalı və anadangəlmə patologiyaların spesifik xüsusiyyətlərini də nəzərə almalıdır. Belə yanaşma yalnız riskin daha dəqiq proqnozlaşdırılmasına deyil, həm də tibbi resursların optimal idarə edilməsinə, klinik qərarvermənin dəqiqləşdirilməsinə və vaxtında müdaxilələrin həyata keçirilməsinə töhfə verə bilər.

Tədqiqatın nəticələri impakt faktoru 1.2 (2024) olan, Q2 kateqoriyalı və PubMed, Scopus, Web of Science (ESCI) və DOAJ kimi beynəlxalq bazalarda indeksləşən “Turkish Archives of Pediatrics” jurnalında dərc olunub.