BAKI, 23 iyul. TELEQRAF

Anemiya, əsasən, 6 aydan 5 yaşa qədər uşaqlarda rast gəlinir.

Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Xalidə Hacıyeva deyib.

Onun sözlərinə görə, yuxusuzluq, halsızlıq, tez-tez xəstələnmə, diqqət pozğunluğu anemiya əlamətləri sayıla bilər: "12-15 yaş qız uşaqlarında mensturasiyanın başlaması ilə əlaqədar daha çox rast gəlinir. Anemiya uşağın həm fiziki göstəricilərinə, həm də psixomator inkişafına mənfi təsir edir".

X.Hacıyeva vurğulayıb ki, qan azlığı ilə bağlı həkim müalicə təyin etməlidir: "Uşağınızda qan azlığından şübhələnirsinizsə, həkim-pediatra müraciət edilməlidir. Əsasən, qanın ümumi analizi aparılır. Ehtiyac olduğu halda fol turşusu, B12 və qanda dəmirin miqdarı yoxlanılır".

Həkim qeyd edib ki, uşaqlarda ən çox dəmir defisitli anemiyaya rast gəlinir: "Dəmir immun hüceyrələrin yaranmasında əsas rol oynadığı üçün dəmir defisiti immunitetin zəifləməsinə səbəb olur. Eyni zamanda, ürəkdə dəyişikliklər, saç və dəridə problemlər müşahidə olunur".

Həkim-pediatr vurğulayıb ki, uşaqların qida rasionuna mütləq ət, paxlalılar və göyərtilər, alma daxil edilməlidir: "Çay və kofe isə dəmirin sovrulmasını ləngitdiyi üçün qida rasionunda üstünlük verilməməlidir. Qan azlığını tamamilə aradan qaldırmaq mümkündür".

Həkim eyni zamanda, valideynlərə də müraciət edib: "Həkim müayinəsi olmadan qan artıran dərman vasitələri alıb istifadə etməyin. Bu, allergiya və digər ciddi problemlərə səbəb ola bilər".