BAKI, 15 iyul. TELEQRAF

Ölkə ərazisində son günlər isti hava şəraiti müşahidə edilir. Yay, havaların kəskin istiləşməsi özüylə bir sıra problemlər də gətirir. Bunlardan biri də günvurma hallarıdır.

Günvurmanın səbəbləri nələrdir, əlamətləri hansılardır? Risk qrupuna kimlər daxildir? Günvurmaya məruz qalmış şəxsə ilkin müdaxilə necə edilməlidir?

Teleqraf-ın suallarını Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Diaqnoz şöbəsinin reanimatoloq-anestezioloqu Sevinc Əhmədova cavablandırıb.

Həkimin sözlərinə görə, günvurma səhər saat 11 və günorta 17-yə qədər düz və birbaşa düşən günəş şüalarına məruz qalma nəticəsində baş verir və bu da orqanizmdə istilik mübadiləsinin pozulmasına gətirib çıxarır.

Risk qrupuna hansı şəxslər daxildir?

Sevinc Əhmədova qeyd edir ki, risk qrupuna uşaqlar, yaşlılar, xroniki xəstəliyi olan şəxslər və açıq hava şəraitində fiziki işlə məşğul olan insanlar daxildir.

"Güvurmadan qorunmaq yolları zəruri olmadıqca saat 11-17 aralığında günəş altına çıxmamaq, qapalı məkanlarda qalmaqdır. Açıq havaya çıxarkən yüngül, açıq rəngli, pambıq materiallı geyimlər geyinmək lazımdır. Qoruyucu papaq və ya örtükdən istifadə edilməlidir. Eyni zamanda, bol maye qəbul etmək tövsiyə olunur".

Bəs əsas əlamətləri nələrdir?

Reanimatoloq qeyd edir ki, günvurmanın əlamətləri halsızlıq, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, dərinin əvvəl hiperemik olması, sonradan avazıması, ürək döyüntülərinin sayının artması, əzələ spazmı, bədən temperaturunun yüksəlməsidir. Ağır hallarda isə huşun itməsi, tər ifrazının dayanması da müşahidə edilir.

Həkimin sözlərinə görə, ilkin yardım olaraq xəstəni sərin yerə keçirmək lazımdır: "Bədən səthi soyudulmalıdır. Baş, boyun, qasıq, qoltuq nahiyyəsinə buzlu, soyuq kompres edilməlidir. Buz yoxdursa, adi dəsmalı soyuq suda isladıb həmin nahiyələrə qoymaq, bədəni soyuq dəsmalla silmək məsləhət görülür. Təcili Tibbi Yardım gələnə qədər xəstəyə ağızdan maye qəbul etdirmək lazımdır. Əynindən dar paltarlar çıxarılmalıdır".

Sevinc Əhmədova həmçinin vurğulayır ki, günəş şüalarının orqanizm üçün mühüm əhəmiyyətləri var: "Bunlardan ən vacibi günəş şüasının orqanizm üçün D vitamini yaratmasıdır. D vitamini isə immun sistemin güclənməsi, sümüklərin sağlamlığı üçün əhəmiyyətlidir. Eyni zamanda, əhval-ruhiyyəmizin yaxşı olması üçün də əsas faktordur. Depressiyalardan qoruyan, xoşbəxtlik hormonu hesab edilən serotoninin ifrazını dəstəkləyir".