BAKI, 11 iyul. TELEQRAF
Azərbaycanda Robotik Reabilitasiya Mərkəzi açılır.
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov deyib.
O bildirib ki, Robotik Reabilitasiya Mərkəzi, eyni zamanda 30 çarpayılıq İnsult (Stroke) Mərkəzi, kəllə-beyin və onurğa travmasından sonra reabilitasiyanın həyata keçirildiyi 30 çarpayılıq Neyrotravma bölməsindən ibarət olacaq:
"Həmçinin ambulator və stasionar reabilitasiya xidməti göstəriləcək. Mərkəzdə dünyanın aparıcı markalarından eksoskeletlər, yürüş analiz sistemləri, qavrayış və motor inteqrasiya cihazları; həmçinin nevrostimulyasiya, robotik qol-ayaq terapiyası, VR texnologiyası tətbiq olunacaq. Təbii ki, bu sahədə peşəkar komanda da önəmlidir. Multidisiplinar komandamızda fizioterapevtlər, reabilitoloqlar, nevroloqlar, ortopedlər, psixoloqlar, loqopedlər, beynəlxalq təcrübəyə malik mütəxəssislər təmsil olunacaq, fərdi bərpa planlarının yaradılması və davamlı qiymətləndirmə tətbiq ediləcək”.