BAKI, 24 iyun. TELEQRAF
Bakıda gecə saat 2 radələrində özəl klinikalardan birinə qanaxma ilə təkbaşına gələn 38 həftəlik hamilə qadın ana olub.
Teleqraf xəbər verir ki, bu barədə mama-ginekoloq Bahar Novruzova paylaşım edib.
O, ana və uşağın durumunun yaxşı olduğunu bildirsə də, gecə saatlarında hamilə qadını yalqız buraxan qohumları qınayıb:
"Doğuşuna hələ 10-15 gün vardı. Qadın gecə həyat yoldaşı ilə mübahisə edib, tək maşına oturaraq doğum evinə gəlib. Körpə gecə saat 3-də doğulub. Onlar cavandılar, dalaşıblar. Bəs evdə olan böyüklər - qayınana, qayınata hara baxıb? Hamilə qadını gecə saat 2-də necə tək vəziyyətdə evdən buraxmaq olar? İnsanlıq budurmu? Orada qonşu olsaydı, heç vaxt qadını tək buraxmazdı. Sözün bitdiyi yerdir..."
Teleqraf-ın əldə etdiyi məlumata görə, qadının valideynləri Şamaxı sakinləridir. Özü isə Bakının Biləcəri qəsəbəsində həyat yoldaşı, qayınana, qayınata və baldızı ilə birgə yaşayır. Bir aya yaxındır həyat yoldaşı ilə münasibətləri pozulub. Bu, qadının ikinci hamiləliyidir.
“Təkbaşına, qanaxma ilə gecəyarı doğuşa gələn qadına bir şey olsaydı, bir hadisə baş versəydi, qohumları yığışıb xəstəxanaya, həkimə hücum çəkər, xəstəmizi siz öldürdünüz deyərdilər. Bu qadını gecəyarı, bu halda necə tək buraxmısınız?” - ginekoloq paylaşımında qeyd edib.