
BAKI, 10 iyun. TELEQRAF
Bu günə qədər 39 özəl və dövlət tibbi müəssisələrində rentgen avadanlıqlarının istismarı dayandırılıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, hazırda 39 müəssisədən 9-da nöqsanlar aradan qaldırıldığı üçün radioloji fəaliyyət bərpa olunub.
“Tibb obyektinin aid edildiyi risk qruplarına uyğun olaraq ildə bir dəfə, iki ildə bir dəfə və ya üç ildə bir dəfə planlı yoxlamalar aparılır”, - məlumatda deyilib.
Qeyd edək ki, ötən həftə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bağlanmış rentgen kabinetlərinin ilin sonuna qədər bərpa edilib istifadəyə veriləcəyini bildirib.