BAKI, 4 iyun. TELEQRAF

Bu gün saat 14:50 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (3 kişi və 2 qadın cinsli olmaqla) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif travmalar alan şəxslərin hər birinə zəruri tibbi xidmət göstərilib.

"Bir nəfərin vəziyyəti orta-ağır, dörd nəfərin vəziyyəti isə stabil olaraq qiymətləndirilir.

Vəziyyəti orta-ağır olan şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir", - məlumatda deyilib.

Qeyd edək ki, bu gün Tovuzda Ibrahimhacılı kəndinin yaxınlığında yol qəzası qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" və "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəza zamanı xəsərət alan 4 nəfər xəstəxanaya yerləşdirilib.