BAKI, 2 iyun. TELEQRAF

"Stomatoloqlarla bağlı heç bir rəsmi qərar yoxdur".

Teleqraf xəbər verir ki, bunu "Xəzər Xəbər"ə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov stomatoloqlarla bağlı məsələyə münasibət bildirərkən deyib.

Vüqar Qurbanov bu addımın qeyri-rəsmi ödənişlərin, neqativ halların qarşısını almaq məqsədi daşıdığını qeyd edib.

"TƏBİB tərəfindən stomatologiya sahəsində aparılan monitorinqlər və ilkin dəyərləndirmələr zamanı stomatoloqların həddən artıq nəğdsiz, qeyri-rəsmi ödənişlər aldığı aşkarlandı. Bunun qarşısının alınması üçün TƏBİB tərəfindən müzakirələrə başlanılıb. Burada konkret rəqəm, say üzərindən danışmaq düzgün deyil. Bizim heç bir rəsmi qərarımız yoxdur. Biz sadəcə iradlarımızı bildirmişik və bununla bağlı müzakirələrimiz olub. Bu proses sonda vətəndaşın stomatologiya üzrə keyfiyyətli xidmət almasına gətirib çıxaracaq".

V.Qurbanov bildirib ki, TƏBİB tabeli tibb müəssisələrində 140-dan çox stomatoloji xidmətin qiymətləri rəsmi ödənişlidir.

"Apardığımız monitorinqlər nəticəsində stomatoloqların bu xidmət üçün tələb etdikləri ödənişin fərqli olduğu aşkarlanıb. Bu, qeyri-rəsmi ödənişlərin, neqativ halların qarşısını almaq üçün atılan addımdır. Bizim stomatoloqlarla görüşlərimiz olub, müzakirələr hələ də davam edir, sonda ortaq bir mövqeyə gələcəyik".

Qeyd edək ki, söhbət TƏBİB-in dövlət müəssisələrində işləyən stomatoloqlardan aylıq 1200, 1800 manatlıq plan tələbindən gedir.