BAKI, 30 may. TELEQRAF
Bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya miqyasında uşaqlarda kəskin aşağı tənəffüs yolu infeksiyalarının əsas səbəbi olan respirator sinsitial virusdan (RSV) körpələri qorumaq üçün peyvənd məhsullarına dair ilk mövqeyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.
Respirator sinsitial virus (nəfəs yollarının sinsitial virusu) hər il dünyada 5 yaşdan kiçik 100 000 uşaq ölümünə səbəb olur. Təxminən 3,6 milyondan çox uşaq da bu diaqnozla xəstəxanaya yerləşdirilir.
Bu ölümlərin təxminən, yarısı 6 aydan kiçik yaşlı körpələrdə rast gəlinir. Körpələrdə RSV ölümlərinin böyük əksəriyyəti (97%) oksigen və ya nəmləndirmə kimi dəstəkləyici tibbi yardıma çıxışın məhdud olduğu aşağı və orta gəlirli ölkələrdə baş verir.
ÜST körpələri bu virusdan qorumaq üçün iki immunizasiyani məsləhət görür. Bunlardan biri körpələrini qorumaq üçün hamilə qadınlara üçüncü trimestrdə verilə bilən ana peyvəndi, digəri isə doğuşdan dərhal sonra və ya RSV mövsümündə körpələrə tətbiq oluna bilən uzunmüddətli monoklonal antikordur.
ÜST-nin tövsiyəsinə əsasən, ana peyvəndi hamiləliyin üçüncü trimestrində, 28-ci həftədən başlayaraq vurulmalıdır. Peyvənd müntəzəm antenatal baxım zamanı, o cümlədən ÜST-nin üçüncü trimestrdə tövsiyə etdiyi 5 antenatal müayinədən birində və ya hər hansı əlavə tibbi məsləhətləşmələrdə verilə bilər.
ÜST-nin tövsiyə etdiyi ikinci immunizasiya məhsulu olan nirsevimab isə doğuşdan dərhal sonra və ya doğum müəssisəsindən evə buraxılmazdan əvvəl bir doza inyeksiya şəklində verilir. Doğuşdan dərhal sonra verilən bu doza körpələri ən azı 5 ay qoruyur.
“RSV yoluxucu virusdur və bütün yaşlarda olan insanlara yoluxur, lakin körpələr və xüsusilə də vaxtından əvvəl doğulanlar üçün zərərlidir” ÜST-nin İmmunlaşdırma, Peyvəndlər və Biolojilər üzrə direktoru Dr Kate O’Brien deyib.