BAKI, 22 may. TELEQRAF
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində bu ilin aprel ayı ərzində ümumilikdə 2 464 844 müraciət qeydə alınıb. Bunlardan 48 114-ü stasionar, 2 416 730-u ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 14% artım qeydə alınıb.
Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, aprel ayında göstərilən xidmət sayında da ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, aprel ayı ərzində 8 815 400 (1 027 233 stasionar, 7 788 167 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23% artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Aprel ayı ərzində 3 765 965 sayda laborator müayinələr aparılıb ki, onların da 505 042-si stasionar, 3 260 923-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 27% artım qeydə alınıb.
Ay ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 33 937 (31 397 stasionar, 2 540 ambulator olmaqla) olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat və prosedurların sayında 1% artım qeydə alınıb.