BAKI, 19 may. TELEQRAF

Bakıda 9 qaşıq udmuş kişinin həyatı xilas edilib.

Bu barədə Teleqraf-a Bakı Sağlamlıq Mərkəzindən xəbər verilib.

Bildirilib ki, mayın 19-da saat 01:00 radələrində Çağrı Mərkəzinə daxil olan zəng nəticəsində ağır vəziyyətdə olan bir vətəndaş barədə məlumat verilib.

"3 saylı Şəhər Klinik Xəstəxanasından müraciət olunmuş, lakin digər tibb müəssisələri tərəfindən qəbul edilməyib. Şəxsin yad cisim udması səbəbilə təcili tibbi müdaxiləyə ehtiyacı vardı. Klinikamızla əlaqə yaradıldıqdan dərhal sonra komandamız vəziyyətə operativ reaksiya göstərib, pasiyent təxirəsalınmadan qəbul edilib".

Bildirilib ki, əməliyyat uğurla həyata keçirilib.

"Endoskopik müdaxilə 4 saat davam edib və nəticə etibarilə zərərçəkənin vəziyyəti stabilləşdirilib.

Hazırda pasiyent reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti stabildir".

Qeyd edək ki, 9 qaşıq udan xəstə 55 yaşlı kişidir. Pasiyentin bu hərəkətinin onun psixi vəziyyəti ilə əlaqədar olduğu ehtimal edilir.