BAKI, 16 may. TELEQRAF
Milli Məclisin mayın 16-da keçirilən iclasında “həkim”, “plastik-cərrah” Ülviyyə Qurbanovanın fəaliyyəti müzakirə edilib.
Teleqraf xəbər verir ki, iclasda çıxış edən deputat Səyyad Aran övladı plastik əməliyyat zamanı ölən valideynlərin şikayətindən danışıb:
“Dünən İnsan Hüquqları Komitəsinin qəbulunu mən apardım. Amerikadan Qəhrəmanova Sara və Vəliyev Fərhad adlı valideynlər gəlmişdi. Bu valideynlər bildirdilər ki, qızları Səbirə Vəliyevanı Ülviyyə İlyasova adlı şəxs öldürüb. Ölən xanımın iki uşağı yetim qalıb. İndiyə qədər bu adam haqqında heç bir tədbir görülməyib. Valideynlərin dediyinə görə, bu şəxsin heç bir tibbi təhsili yoxdur, doqquzuncu sinfi bitirib, indi də “Qurbanova” soyadı ilə gizli fəaliyyət göstərir və özünü “kosmetoloq-üz cərrahı” kimi tanıdır”.

Deputat qeyd edib ki, valideynlərin sözlərinə görə, əməliyyat vaxtı qızları komaya düşüb, Ülviyyə İlyasova onu evinə aparıb, orada müdaxilələr edib, kömək edə bilməyəndə təcili yardım çağırıb və nəticədə qız ölüb. Valideynlərin dediyinə görə, bu şəxs hələ də gizli əməliyyatla məşğuldur.
Səhiyyə naziri Teymur Musayev isə deputata cavabında deyib ki, Sara Qəhrəmanovanın qızının əməliyyatdan sonra ölməsi araşdırılıb, ölən qızın mətbəxdə əməliyyat olunduğu məlum olub.
Nazirin sözlərinə görə, əməliyyat edən şəxsin tibb ixtisası, sənədi yoxdur:
"Bütün qohumları da bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil. Səhiyyə Nazirliyi məhz tibb işçilərinə cavabdeh ola bilər. O, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa, istər tibb, istər mühəndislik və s. buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz".
T. Musayev onu da əlavə edib ki, Sara Qəhrəmanovanı qəbul edib, şikayətini dinləyib.
Teleqraf-ın araşdırması zamanı məlum oldu ki, fəaliyyəti Milli Məclisdə müzakirə mövzusuna çevrilən “həkim” Ülviyyə Qurbanova Ülviyyə İlyasova imiş.
Belə ki, ötən ilin sentyabrında Yasamal Rayon Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, yaşadığı fərdi evə apararaq, onu həkim nəzarətindən kənar saxladığı bildirilmişdi. Məlumatda növbəti gün qanaxma baş verdikdə isə xəstəni köməksiz vəziyyətdə qoyaraq keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edildiyi də qeyd olunmuşdu.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səbirə Vəliyeva 2024-cü ilin aprelin 16-da cərrahi əməliyyatdan sonra ölüb. İstintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. S.Vəliyeva Ü.İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının 10 yaşlı əkiz uşaqları anasız qalıb.

Məlumat üçün bildirək ki, Ülviyyə İlyasovanın fəaliyyəti ilə bağlı başqa şikayətlər də var.
Belə ki, ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova da sosial şəbəkə hesabında Ülviyyə İlyasova haqqında məlumat yaymışdı.
Məlumatda Ülviyyə İlyasovanın qanunsuz apardığı cərrahi əməliyyatla daha bir qadını pis hala saldığı bildirilirdi. Belə ki, ötən il noyabrın 14-də diplomu və tibbi təhsili olmayan Ülviyyə İlyasova qanunsuz şəkildə liposaksiya əməliyyatı həyata keçirib və əməliyyatdan sonra pasiyent 1989-cu il təvəllüdlü, 35 yaşlı Bəsti Hacıyeva ağır vəziyyətə düşüb.
“Ev şəraitində müalicə adı altında vəziyyəti daha da pisləşən Bəsti xanım bu gecə “Liv Bona Dea” Hospitalın reanimasiya şöbəsinə, septik-şok diaqnozu ilə yerləşdirilib”, - Q. Ataşovanın məlumatında bildirilirdi.
Jurnalist bildirib ki, xəstənin bədənində geniş infeksiya ocaqları aşkarlanıb, qanı zəhərlənib və həyatı ciddi təhlükədədir. Onun sağalıb-sağalmayacağı hələ də məlum deyil.
Üç ay öncə mediaya müsahibə verən aktrisa Mila Bekova da bu “həkim”dən şikayətçi idi. Belə ki, Ülviyyə İlyasova onun bədənində plastik əməliyyat edib və əməliyyatdan sonra aktrisanın səhhətində ciddi problemlər yaranıb.

“Bu şəxs məni əməliyyat edib və bədənimə infeksiya keçirib, əməliyyatdan sonra aylarla qızdırma içində olmuşam. Onun bədənimə vurduğu ziyanı aradan qaldırmaq üçün dörd dəfə əməliyyat olunmuşam.
Bununla bağlı hüquq-mühafizə orqanlarına, prokurorluğa müraciət etmişəm. Baş Prokurorluq işimi Yasamal Məhkəməsinə göndərdi. Əlimdə epikrizlər, ekspertiza cavabları var. O şəxs həmişə deyirdi ki, “Mənim əlim uzundur, hər yerlə əlaqələrim var”. Mən bir vətəndaş olaraq ölkəmdə belə bir problemlə kimə müraciət etməliyəm?
Yasamal Rayon Prokurorluğunda şikayətimlə bağlı cinayət işi açılıb. Mənə deyirlər ki, gedin təzminat açın. Mənim əlimdə heç bir qəbz yoxdur. Mən necə təzminat ala bilərəm? Həmin şəxs məni sosial şəbəkələrdə müxtəlif feyk profillərlə hədələyir, “ağıllı ol” deyir”.