BAKI, 16 may. TELEQRAF

"Sara Qəhrəmanovanın qızının əməliyyatdan sonra ölməsi barədə araşdırma apardıq. Ölən qız mətbəxdə əməliyyat olunub".

Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Milli Məclisin mayın 16-da keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, əməliyyat edən şəxsin tibb ixtisası sənədi yoxdur:

"Bütün qohumları da bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil. Səhiyyə Nazirliyi məhz tibb işçilərinə cavabdeh ola bilər. O, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa, istər tibb, istər mühəndislik və s. buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz".

T.Musayev onu da əlavə edib ki, Sara Qəhrəmanovanı qəbul edib, şikayətini dinləyib.

Qeyd edək ki, Milli Məclisin deputatı Səyyad Aran övladı plastik əməliyyat zamanı ölən valideynin şikayətindən danışıb: "Dünən bir valideyn gəlmişdi və övladı plastik əməliyyat zamanı ölüb. Valideynlər deyirlər ki, həmin həkim fərqli soyadla fəaliyyət göstərir. Nazirlik siyahı dərc etdi, amma hamı bilməlidir ki, həmin şəxslər kimdir. Yaxından tanımalıdır. Ölən şəxs komaya düşəndən sonra həkim aparıb evinə, görüb ki, sağalda bilmir. Valideynlər etiraz edirlər. Səhiyyə nazirinə müraciət edirəm, plastik cərrahiyə əməliyyatına dair xüsusi mərkəz yaradılsın. Vətəndaş da bilsin ki, hara gedir. 9-cu sinifi bitirmiş şəxsə plastik cərrahiyyə ilə məşğul olmağa kim imkan verib?"

Xatırladaq ki, barəsində şikayət olunan həkim Ülviyyə İlyasovadır. O, hazırda Qurbanova soyadını daşıyır.