BAKI, 16 may. TELEQRAF
"Sertifikasiya suallar bazası hər il təxminən 20% yenilənir".
Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, hazırda bazada 65 minə yaxın test və 6 min 450 klinik məsələ mövcuddur.
O qeyd edib ki, yeni yanaşmaya əsasən, imtahanlar 100 ixtisaslaşdırılmış sualdan ibarət olacaq:
"Qiymətləndirmə zamanı 80 və daha çox bal toplayanlar müvəffəq hesab olunacaqlar. Bundan başqa, beynəlxalq bazalardan alınmış yeni suallar əsasında imtahanların həm elektron, həm də kağız formatda keçirilməsi nəzərdə tutulur: “Elektron imtahan nəticəsi dərhal ekranda əks olunacaq, kağız daşıyıcılarda isə nəticə maksimum 3 saat ərzində təqdim ediləcək. Əlilliyi olan şəxslər üçün də imtahanlarda xüsusi şərait yaradılıb. Görmə qabiliyyəti məhdud olan namizədlərə fərdi nəzarətçi təyin olunur, testlər audio materiallarla təmin edilir və imtahan müddətinə əlavə 60 dəqiqə artırılır".