BAKI, 16 may. TELEQRAF

"Səhiyyə sisteminin effektivliyini, təhlükəsizliyini və keyfiyyətini təmin etmək üçün tibb mütəxəssislərinin davamlı peşəkar inkişafı zəruri sayılır".

Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Milli Məclisdə çıxış edən səhiyyə naziri nazirlik tərəfindən Milli Məclisin Səhiyyə Komitəsinə təqdim edilən “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda dəyişiklik layihəsinin müzakirəsi zamanı məlumat verib.

Teymur Musayevin sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən yeni konsepsiya mütəxəssislərin sübuta əsaslanan praktika, müasir texnologiyalar və müalicə protokolları ilə daim tanış olmasına şərait yaradır.

“Davamlı peşəkar inkişaf kliniki qərarvermə və diaqnostika keyfiyyətini artıraraq, vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsini yüksəldir”, - deyə nazir qeyd edib.

O həmçinin bildirib ki, bu məqsədlə “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna uyğun olaraq müvafiq dəyişiklik layihəsi hazırlanıb.