
BAKI, 18 mart. TELEQRAF
“Sosial mediada yayılan məlumatlardan xəbərdardıq, araşdırma aparılır”.
Bunu Teleqraf-a açıqlamasında Qusar Rayon Mərkəzi Xəstəxanasının direktor köməkçisi deyib.
“Yayılan məlumatların nə qədər doğru olduğu araşdırmalardan sonra bilinəcək. Bu haqda ətraflı məlumat veriləcək”.
TƏBİB də Teleqraf-ın sorğusuna cavabda sosial şəbəkədə yayılan yazışmalara dair araşdırma aparıldığını, nəticəsi barədə əlavə məlumatın veriləcəyini açıqladı.
Qeyd edək ki, Qusar xəstəxanasında vətəndaşlara vaxtı keçmiş dərmanlar verildiyi barədə məlumat yayılıb. Məlumatı “Şimal xəbərləri”nin baş redaktoru Müqəddəs Mehdiyev paylaşıb. O, xəstəxananın aptek bölməsinin əməkdaşı İ.Hacıyevanın (onun həm də xəstəxana direktorunun həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların şöbələrə paylaşdırılmasına dair tapşırıq ünvanladığını bildirib.
Müqəddəs Mehdiyev qrupundakı yazışmaları da paylaşıb. Onun sözlərinə görə, yazışma kənara çıxandan sonra İ.Hacıyevanın göstərişi ilə vatsap qrupu bağlanıb.
"Xəstəxananın direktoru Kamil Hacıyev və onun aptek bölməsində çalışan həyat yoldaşı İlhamə Hacıyeva tərəfindən bəzi tibb işçilərinə edilən haqsızlıqlar, təzyiqlər, dərman vasitələrinin şübhəli bölgüsü və digər qanunsuzluqlar yazılarda əksini tapıb. Burada baş alıb gedən intriqalar, çəkişmələr bitmir ki, bitmir. Ötən il oktyabrın 14-də İlhamə Hacıyeva tərəfindən tibb işçilərinin “WhatsApp” qrupuna yazılan və daha qorxunc bir fakt ortalığa çıxıb. İlhamə Hacıyevanın yazdığı bildirilən yazıda qeyd edilir: “Deməli, aptekdə vaxtı keçən dərman və sərfiyyatlar var. Bunlar şöbələrə paylanacaq". Qusar Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata və səslənən iddiaya əsasən, ötən il xəstəxanada 23 nəfər dünyasını dəyişib... Deyilənə görə, bu, rekord göstəricidir"-, Müqəddəs Mehdiyev paylaşımında qeyd edib.