
BAKI, 14 mart. TELEQRAF
Ötən il maddi yardım və sosial xidmət göstərilən şəxslərin sayı açıqlanıb.
Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə bildirilib ki, hesabat dövründə əlilliyi olan şəxslərə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə, Azərbaycanın ərazi bütövlüyü uğrunda əlilliyi müəyyən edilmiş şəxslərə, həmçinin onları müşayiət edən şəxslərə, Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi olan şəxslərə və şəhid ailəsi üzvlərinə 1311 sanatoriya-kurort putyovkası təqdim edilib.
Sosial müdafiəyə daha çox ehtiyacı olan 2134 nəfər əlilliyi olan şəxsə reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə birdəfəlik maddi yardım verilib.
Həmçinin 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar 75 nəfər 20 Yanvar şəhidinin ailəsi və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar 243 nəfər əlilliyi olan şəxs olmaqla, ümumilikdə 318 nəfərə, Çernobıl AES-də qəzanın 38-ci ildönümü ilə əlaqədar sosial müdafiəyə daha çox ehtiyacı olan 500 nəfər əlilliyi olan şəxsə birdəfəlik pul yardımı verilib. 3 Dekabr “Beynəlxalq əlilliyi olan şəxslər günü” ilə əlaqədar 20 min nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan əlilliyi olan şəxslərə maddi yardım olunub.
Qeyd edilib ki, 2024-cü il ərzində Sosial Xidmətlər Agentliyi tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış sahəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan 4528 nəfər tənha ahıllara, ahıl ər-arvadlara və əlilliyi olan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilib ki, onlardan 4137 nəfəri ahıl, 391 nəfəri isə 70 yaşdan aşağı olan və tənha yaşayan əlilliyi olan şəxslərdir. 397 şəxsə sosial-hüquqi xidmət göstərilib.