
BAKI, 7 mart. TELEQRAF
Səhiyyə Nazirliyi tərəfindən “Laser Beauty Klinika”da yoxlamalar keçirilib.
Nazirliyin Analitik Ekspertiza Mərkəzindən Teleqraf-a bildirilib ki, yoxlamanın nəticəsi olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə müvafiq olaraq, “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-yə inzibati xəta haqqında protokol tərtib edilib və Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib. Lakin orada tibbi prosedurların davam etdirilməsi barədə məlumatlar alınıb. Bununla əlaqədar olaraq, baş həkim Rəna Soltanovanın iştirakı və təqdim etdiyi sənədlər əsasında klinikada Səhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Klinikası”nın həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılmış, müəssisəyə martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.