BAKI, 3 mart. TELEQRAF

Psixiatriya müəssisələrinin binalarının yenidən qurulmasına və ya əsaslı təmirinə ehtiyac var.

Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd olunub ki, cəzaçəkmə müəssisələrində və ümumiyyətlə azadlıqdan məhrumetmə yerlərində infrastrukturun əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğunlaşdırılması aktual məsələlərdəndir. Köhnə tikililərdə fəaliyyət göstərən belə müəssisələrdə tam müyəssərliyin təmin olunması çətin olsa da, bu istiqamətdə mümkün tədbirlərin görülməsi, habelə tikilməkdə olan müəssisələrdə zəruri infrastrukturun təşkili və müyəssərliyin nəzərə alınması zəruridir.

Bundan başqa, caşçəkmələrin nəticələri onu deməyə əsas verir ki, psixiatriya müəssisələrinin binalarının yenidən qurulmasına və ya əsaslı təmirinə, bu müəssisələrdə müalicə alan şəxslərin qida və tibbi təminatının daha da yaxşılaşdırılmasına, habelə həkim və işçi heyətin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi ehtiyac vardır.

Tibb, təhsil, sosial xidmət və digər müəssisələrdə, həmçinin nəqliyyat sistemində və yollarda əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasında hələ də ciddi çatışmazlıqlar mövcuddur. Bütün sosial infrastruktur obyektlərində əlilliyi olan şəxslər üçün əlçatanlığın təmin olunması və bütün xidmətlərə bərabər çıxış imkanının yaradılması həlli vacib məsələlərdəndir.

Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.