BAKI, 3 mart. TELEQRAF

İcbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlər zərfinin genişləndirilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Məruzədə qeyd olunub ki, sağlamlığın qorunması hüququ ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlərdə əsas etibarilə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən istifadə ilə əlaqədar mövcud çətinliklər, tibbi reabilitasiyanın imkanlarından yetərincə istifadə etmək üçün zəruri şəraitin yaradılmaması, müalicə müəssisəsinə göndərişin verilməsindən imtina olunması, güzəştli dərman preparatları ilə təminatda mövcud problemlər, həmçinin dövlət hesabına müayinə və müalicənin təşkilində, ixtisaslaşmış tibbi xidmətin göstərilməsində köməklik edilməsi və bu kimi digər məsələlər öz əksini tapıb.

Bildirilib ki, yeni doğulanların sağlamlığının təmin edilməsi, perinatal və neonatal ölümlərin qarşısının alınması məqsədilə istər hamiləlik dövründə, istərsə də doğuşdan sonra immunizasiya tədbirlərinin və digər tibbi xidmətlərin keyfiyyətinin artırılmasına ehtiyac vardır.

Sənəddə deyilir: "Sağlamlığın qorunması hüququ ilə bağlı Ombudsmana ünvanlanmış şikayətlərin təhlili onu deməyə əsas verir ki, onkoloji, şəkərli-diabet, böyrək çatışmazlığı və ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin müraciətləri nisbətən üstünlük təşkil edib. Bu qəbildən olan xəstəliklərdən əziyyət çəkənlərin müayinə, müalicə və reabilitasiyasına diqqətin artırılması vacibdir".

Ombudsman hesab edir ki, onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının spektrinin genişləndirilməsi, habelə “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”nın müasir tələblərə uyğun olaraq yenidən işlənilməsi zəruridir.

Digər mühüm məsələ dövlət hesabına dərman preparatları ilə təmin edilmək hüququna malik olan və dispanser qeydiyyatına alınan imtiyazlı şəxslərin dövlət hesabına təyin olunmuş dərman preparatları ilə vaxtında təmin edilməməsi, xüsusilə müvafiq xəstəliyin müalicəsi üzrə dərman preparatlarının növlərinin və ya əvəzedicilərinin az olması və ya olmaması ilə bağlıdır.

Qeyd olunanlarla yanaşı, sağlamlığın qorunması hüququnun effektiv təmin olunması məqsədilə icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlər zərfinin genişləndirilməsi, həmin zərfə daxil olan xidmətlər çərçivəsində ambulator müalicə alan şəxslərə yazılan dərman vasitələrinin sığorta hesabına qarşılanması üçün zəruridir.

Digər mühüm məsələ dövlət hesabına dərman preparatları ilə təmin edilmək hüququna malik olan və dispanser qeydiyyatına alınan imtiyazlı şəxslərin dövlət hesabına təyin olunmuş dərman preparatları ilə vaxtında təmin edilməməsi, xüsusilə müvafiq xəstəliyin müalicəsi üzrə dərman preparatlarının növlərinin və ya əvəzedicilərinin az olması və ya olmaması ilə bağlıdır.

Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.