AĞDAM, 16 oktyabr. TELEQRAF

Vətən müharibəsi başa çatdıqdan sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumlarla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti də cəlb olunub.

Teleqraf-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə hərbi hissənin komandiri, polkovnik-leytenant Süleyman Hüseynov deyib.

Əməliyyatlar müəyyən olunmuş istiqamətlər üzrə kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin ətrafında və su kanalları boyunca aparılır. Hazırda Ağdam rayonu ərazisində işlər intensiv şəkildə davam etdirilir.

Onun sözlərinə görə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində minatəmizləmə əməliyyatlarına cəlb olunmuş şəxsi heyət ən müasir texnika və avadanlıqlarla, o cümlədən “GCS-200” markalı, məsafədən idarə olunan müasir minatəmizləyən robotlarla təchiz olunub:

"Əməkdaşlar bu sahə üzrə müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər. Bundan əlavə, minatəmizləmə əməliyyatlarında xüsusi təlim keçmiş itlərdən də istifadə olunur.

İşğaldan azad olunmuş ərazilərdə paralel olaraq bərpa və quruculuq işləri də sürətlə davam etdirilir, vətəndaşlarımızın doğma yurdlarına qayıdışı həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyi bölgəyə səfər edən və orada daimi yaşayan vətəndaşları, eləcə də quruculuq işlərində iştirak edən şəxsləri ehtiyatlı olmağa, minadan təmizlənməmiş ərazilərə girməməyə, yalnız müəyyən edilmiş və mina təhlükəsindən təmizlənmiş yollardan istifadə etməyə, xüsusi işarələrlə nişanlanmış zolaqlardan kənara çıxmamağa çağırır. Bu qaydaların pozulması insan həyatı üçün ciddi təhlükə yaradır.

Vətəndaşlardan mina və partlamamış hərbi sursat, əraziyə xas olmayan şübhəli əşyalar və ya ərazinin minalı olmasını göstərən hər hansı əlamət aşkar etdikdə həmin əşyalara toxunmamaları və dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat vermələri xahiş olunur".