BAKI, 16 oktyabr. TELEQRAF
“Səriştəsiz diktator (Bidinza İvanişvili) öz bandasını təcili toplayır. O, bu payız Gürcüstanın tam kapitulyasiyası və Rusiyaya təslim edilməsi planını onlara təqdim etmək istəyir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.
Eks-prezident bildirib ki, bu planın növbəti mərhələsi ölkədə partiyaların qadağan edilməsi olacaq:
“Əslində isə məqsəd partiyaları yox etmək deyil, onsuz da xeyli zəifləyiblər və bəzi partiyalar ləğv edilsə belə, onların üzvləri yeni partiyalar yaradacaqlar. Bu qadağanetmə prosesinin məqsədi Konstitusiya Məhkəməsinin qərarı səviyyəsində Gürcüstanı “günahkar” çıxarmaq üçün yeni “hüquqi fakt” yaratmaqdır. Bununla da uydurma əsas yaradaraq Abxaziyanın “müstəqilliyini və sərhədlərini” tanımaq, ardınca isə rusların istədiyi əsas məqsədə nail olmaqdır - Gürcüstan və Ermənistan ərazisindən keçməklə Abxaziyanın dəmir yolu vasitəsilə İranla birləşdirilməsi.
İvanişvili amerikalıların qəzəbindən və gürcülərin gözlənilməz reaksiyasından qorxduğu üçün prosesi hər vəchlə uzadırdı, ta ki, ruslar əvvəlcə yayda elektrik enerjimizi iki dəfə kəsənədək və iqtisadi sanksiyalar tətbiq edənədək. Gürcüstan iqtisadiyyatını Rusiyadan o qədər asılı vəziyyətə salıblar ki, indi rusların qazı və elektrik enerjisini kəsməsi, turistlərin ölkəyə gəlməsinə mane olması kifayət edər ki, müstəmləkə asılılığında olan Gürcüstan iqtisadiyyatı tamamilə çöksün”.
Mixeil Saakaşvili qeyd edib ki, Rusiya Bidzina İvanişvilini təxribatlarla da hədələyir:
“Buna görə də iradəsiz diktator siçovul kimi küncə sıxışdırılıb. Hazırda o, məşhur filmin personajlarından birinin kadrını xatırladır. Onu bu vəziyyətə Moskvadakı kuratoru Sergey Kiriyenko salıb. Bu vəziyyətdən yeganə düzgün çıxış yolu İvanişvili və bandasının dərhal hakimiyyətdən uzaqlaşdırılması, bu təhlükələrdən qurtulmaq üçün isə səriştəli və vətənpərvər hökumətin təcili formalaşdırılmasıdır”.