BAKI, 7 fevral. TELEQRAF

Dünən Hacıqabul stansiyasında Rusiyadan göndərilən ağac kömürü yüklənmiş vaqonda yanğın baş verib.

Teleqraf xəbər verir ki, məlumatı “Azərbaycan Dəmir Yolları” (ADY) QSC yayıb.

Yanğının qarşısının alınması üçün vaqon hərəkət hissədindən ayrılıb, yanmış kömürlər vaqondan boşaldılıb, soyutma işləri aparılıb. Yanğın söndürülüb.

İlkin versiyaya görə, hadisə vaqondakı kömürlərin sürtünməsindən yaranan qızışmaya görə baş verib.

Vaqon Yalama stansiyasında yükdaşıma qaydalarına uyğun olaraq həm gömrük, həm də yükgöndərən tərəfindən plomblanmış şəkildə qəbul edilib. Qaydalara əsasən, vaqon bu şəkildə təyinat nöqtəsində çatdırılmalıdır.

Yüklərin vaqona yükgöndərən tərəfindən yükləndiyini, vaqonun plomblu olduğunu və bu formada təhvil verilməli olduğunu nəzərə alsaq, hadisədə məhz yükgöndərən məsuliyyət daşıyır.

Yanğın nəticəsində “Azərbaycan Dəmir Yollarına” zərər dəyməyib. Yanğınsöndürmə işlərinə cəlb olunan ADY-nin bir əməkdaşı halı pisləşdiyi üçün həkimə aparılıb, lakin səhhətində heç bir problem olmadığı üçün evə buraxılıb.