BAKI, 14 noyabr. TELEQRAF

“Avropa Siyasi Birliyi”nin (ASB) 2026-cı il noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ölkəmizin Avropa siyasi məkanında artan rolunun, beynəlxalq nüfuzunun və fəal diplomatik mövqeyinin növbəti nümayişi idi. Sammit Azərbaycan üçün Avropa ölkələri ilə siyasi dialoqun genişləndirilməsi, enerji və nəqliyyat sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi, eləcə də Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sözləri Teleqraf-a açıqlamasında Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

O qeyd edib ki, bu amil Azərbaycanın ASB çərçivəsində fəal iştirakı ölkəmizin Avropa ilə münasibətlərinin yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmadığını, eyni zamanda, ümumavropa siyasi gündəliyində mühüm məsələlərin müzakirəsində iştirak etdiyini göstərir:

“Prezident İlham Əliyevin sammitlərdə iştirakı, çıxışları və müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə ifadəsi, regional təşəbbüslərinin təqdimatı və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Avropa ölkələri üçün etibarlı siyasi və iqtisadi tərəfdaşdır. Son illərdə Avropa ölkələrinin Azərbaycana marağının artması bir sıra mühüm amillərlə bağlıdır. Bunların sırasında Prezident İlham Əliyevin beynəlxalq siyasi arenada qazandığı nüfuz, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal məsələlərin həllində rolunun genişlənməsi xüsusi yer tutur. Bu maraq Avropa ölkələrinin dövlət və hökumət başçılarının, Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərlərində, dövlətimizin başçısı ilə görüşlərində və yeni əməkdaşlıq təşəbbüslərində özünü aydın şəkildə göstərir”.

Deputat vurğulayıb ki, enerji və nəqliyyat Azərbaycanın Avropa ilə əməkdaşlığının strateji əsaslarıdır:

“Azərbaycanın beynəlxalq siyasi çəkisini artıran mühüm amillərdən biri enerji və nəqliyyat sahələrində yaratdığı strateji imkanlardır. Ölkəmiz Avropa ilə Asiya arasında enerji təhlükəsizliyinin təmin olunması, nəqliyyat bağlantılarının genişləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm geosiyasi və geoiqtisadi mövqeyə malikdir.

2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu əməkdaşlığın yeni mərhələyə qədəm qoymasını təmin edib. Bu gün Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edir. İxrac coğrafiyasının genişlənməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin artdığını göstərir.

Cənub Qaz Dəhlizi Azərbaycanın Avropa enerji bazarlarına inteqrasiyasının ən mühüm layihələrindən biridir. Bununla yanaşı, ölkəmiz yaşıl enerji sahəsində də geniş əməkdaşlıq perspektivlərinə malikdir. Xəzər dənizinin zəngin külək enerjisi potensialı, günəş enerjisi layihələri, Mərkəzi Asiya ilə yaşıl enerji dəhlizlərinin yaradılması və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi təşəbbüsləri Azərbaycanın Avropa enerji bazarları ilə əlaqələrinin daha da genişləndirilməsi üçün mühüm imkanlar yaradır.

Nəqliyyat və logistika sahəsində də Azərbaycanın mövqeyi getdikcə güclənir. Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları ölkəmizin beynəlxalq tranzit mərkəzi kimi əhəmiyyətini artırır. Xüsusilə qlobal təchizat zəncirlərinin şaxələndirilməsi, alternativ nəqliyyat marşrutlarına tələbatın yüksəlməsi fonunda Azərbaycanın coğrafi mövqeyi və yaratdığı infrastruktur Avropa üçün strateji əhəmiyyət daşıyır”.

Şura sədrinə görə, Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin sammitlərində iştirakı ölkəmizin Avropa siyasi məkanında ardıcıl və məqsədyönlü diplomatik fəaliyyətinin göstəricisidir:

“Dövlətimizin başçısı 2022-ci ilin oktyabrında Praqada keçirilən birinci, 2023-cü ilin iyununda Moldovanın Bulboaka kəndində təşkil olunan ikinci, 2024-cü ilin iyulunda Böyük Britaniyanın Oksford şəhərində keçirilən dördüncü, 2025-ci ilin mayında Tiranada təşkil olunan altıncı və həmin ilin oktyabrında Kopenhagendə keçirilən yeddinci sammitlərdə iştirak edib.

2026-cı il mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçirilən səkkizinci sammitdə Prezident İlham Əliyev videobağlantı formatında çıxış edib. Noyabrın 12-də Dublində keçirilən doqquzuncu sammitdə iştirakı isə Azərbaycanın bu platformada fəal təmsilçiliyinin davamı olub.

Dublin sammiti çərçivəsində Prezident İlham Əliyevin müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər də xüsusi diqqət çəkib. Bundan başqa, Böyük Britaniyanın Baş naziri Endi Borhemlə görüş və “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin mübadiləsi Azərbaycan-Britaniya münasibətlərinin inkişafı baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir”.

Eldar Quliyev vurğulayıb ki, 2028-ci ildə ASB sammitinin Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun təsdiqidir:

“Azərbaycanın 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin sammitinə ev sahibliyi etmək hüququ qazanması ölkəmizin çoxtərəfli diplomatiyasında mühüm mərhələdir. Bu qərar Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində qazandığı təcrübəyə, siyasi nüfuzuna və etibarlı tərəfdaş kimi mövqeyinə verilən yüksək qiymətin göstəricisidir.

Sözsüz ki, Bakı sammiti Azərbaycanın regional və beynəlxalq gündəlikdəki rolunun təqdim edilməsi, Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüslərinin təşviqi, eləcə də Avropa ilə Asiya arasında əlaqələrin inkişafına dair baxışların bölüşülməsi üçün mühüm platformaya çevriləcək.

2028-ci ildə ASB sammitinin Bakıda keçirilməsi isə bu əməkdaşlığın daha yüksək mərhələyə yüksəlməsi üçün yeni perspektivlər açır. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndiyini, ölkəmizin yalnız regional proseslərin iştirakçısı deyil, həm də geniş coğrafiyada siyasi və iqtisadi əməkdaşlığın təşviqinə töhfə verən mühüm aktor olduğunu göstərir”.