BAKI, 25 oktyabr. TELEQRAF

25 Oktyabr – Qubadlı Şəhəri Günü Azərbaycan xalqının şanlı Zəfər salnaməsində xüsusi yer tutan, Möhtərəm Cənab Prezident İlham Əliyevin uzaqgörən, praqmatik və qətiyyətli siyasətinin tarixi nəticələrini, dövlətimizin qüdrətini, xalqımızın sarsılmaz iradəsini və milli birliyimizin yenilməz gücünü təcəssüm etdirən əlamətdar tarixdir. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin ən mühüm hərbi-strateji uğurlarından biri, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi Zəfəri daha da yaxınlaşdırdı. Tarixi Zəfər xalqımızın otuz ilə yaxın davam edən yurd həsrətinə son qoydu, tarixi ədalətin bərpası yolunda növbəti qətiyyətli addım oldu.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” fikirləri bu tarixi hadisənin hərbi-siyasi əhəmiyyətini və xalqımızın milli yaddaşındakı müstəsna yerini ifadə edir:
“Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı rayonu zəngin tarixi, əlverişli coğrafi mövqeyi, təbii sərvətləri və qədim mədəni irsi ilə seçilən yurd yerlərimizdəndir. 802 kvadratkilometr ərazini əhatə edən rayonun dağlıq relyefi, Həkəri və Bərgüşad çayları, münbit torpaqları, geniş meşə sahələri və zəngin faydalı qazıntı yataqları onun mühüm iqtisadi potensialını formalaşdırıb. İşğaldan əvvəl Qubadlıda əkinçilik, heyvandarlıq, taxılçılıq, üzümçülük və tütünçülük inkişaf etmiş, rayonun təsərrüfat həyatı əsasən kənd təsərrüfatı üzərində qurulmuşdu. Qubadlı Azərbaycanın iqtisadi həyatında özünəməxsus yer tutmaqla bərabər, milli-mənəvi dəyərlərimizin, qədim adət-ənənələrimizin yaşadıldığı doğma yurd məkanlarından biri olmuşdur.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti Qubadlının da taleyində ağır və faciəli izlər buraxdı. 1988-ci ildən etibarən rayonun yaşayış məntəqələrinə qarşı silahlı hücumlar intensiv xarakter aldı, dinc əhali davamlı təcavüzə və terrora məruz qaldı. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun işğal edilməsi nəticəsində minlərlə soydaşımız doğma torpaqlarından didərgin salındı, tarixi yaşayış məntəqələri dağıdıldı, xalqımıza məxsus maddi-mədəni irs məhv edildi.

İşğal nəticəsində Qubadlı rayonundan 29 min 997 nəfər məcburi köçkün düşdü, 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid və 16 körpü dağıdılaraq yararsız vəziyyətə salındı. Yüzlərlə kilometr avtomobil yolu, elektrik və qaz xətləri, su təchizatı infrastrukturu, kənd təsərrüfatı və istehsal müəssisələri məhv edildi. Dağıntılar Ermənistanın işğal siyasətinin miqyasını, Azərbaycan xalqına qarşı törədilmiş vandalizmin və tarixi-mədəni irsimizə yönəlmiş təcavüzü nümayiş etdirir.

Ermənistanın işğal dövründə Qubadlı ərazisində həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Xaricdən gətirilən ermənilərin Azərbaycanın suveren ərazilərində yerləşdirilməsi, Xanlıq kəndində qanunsuz yaşayış məskənlərinin yaradılması işğalın nəticələrini möhkəmləndirmək məqsədi daşıyırdı. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu addımlar Ermənistanın təcavüzkar siyasətinin daha bir təzahürü idi".

Deputat bildirib ki, bütün bu qanunsuzluqlara baxmayaraq, beynəlxalq təşkilatlar uzun illər ərzində işğalçı dövlətə qarşı təsirli tədbirlər görmədi, beynəlxalq hüququn aliliyi siyasi maraqların və ikili standartların kölgəsində qaldı:
"Lakin Azərbaycan xalqı heç zaman işğalla barışmadı, öz tarixi torpaqlarına qayıtmaq əzmindən geri çəkilmədi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasını uğurla davam etdirən ölkə başçımız Cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrəti davamlı olaraq möhkəmləndi. Güclü iqtisadi potensialın formalaşdırılması, müasir və yüksək döyüş qabiliyyətinə malik Ordunun qurulması, beynəlxalq müstəvidə milli maraqlarımızın prinsipial şəkildə müdafiəsi tarixi Zəfərimizin əsasını təşkil edən mühüm amillər oldu.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları xalqımızın çoxillik mübarizəsində həlledici mərhələnin başlanğıcına çevrildi. Dövlət rəhbərimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, Silahlı Qüvvələrimizin yüksək peşəkarlığı, qəhrəman əsgər və zabitlərimizin şücaəti nəticəsində işğal altındakı torpaqlarımız bir-birinin ardınca azad edildi.

Qubadlının azad olunması əməliyyatı Vətən müharibəsinin ən mürəkkəb və strateji baxımdan əhəmiyyətli hərbi əməliyyatlarından biri kimi tarixə düşdü. Düşmənin şəhər ətrafında yaratdığı güclü müdafiə sistemi, strateji yüksəkliklərdə cəmləşdirdiyi hərbi qüvvələr və ərazinin mürəkkəb coğrafi xüsusiyyətləri hərbi əməliyyatların gedişini çətinləşdirsə də, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, peşəkarlığı və qətiyyəti qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsini təmin etdi, düşmənin müdafiə xətti darmadağın edildi.

İlk növbədə strateji yüksəkliklərin, Xanlıq, Padar və Sarıyataq kəndlərinin azad olunması şəhərə nəzarətin təmin edilməsi baxımından mühüm üstünlük yaratdı. Oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad edərək tarixi Qələbəyə aparan yolda növbəti möhtəşəm uğura imza atdı. Noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi düşmən işğalından azad olundu.

Qubadlının azad edilməsi Azərbaycan Ordusunun hərbi üstünlüyünün, Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharətinin və xalqımızın yenilməz iradəsinin parlaq təntənəsi idi. Sözügedən tarixi nailiyyət sonrakı hərbi əməliyyatların uğurla davam etdirilməsinə, xüsusilə Şuşanın azad olunmasına aparan istiqamətdə mühüm strateji imkanların yaranmasına xidmət etdi.

Qubadlı uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərimizin qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalının təsis edilməsi, döyüş əməliyyatlarında iştirak etmiş 15 min 209 hərbi qulluqçunun bu medalla təltif olunması Azərbaycan əsgərinin fədakarlığına verilən ali ehtiramın ifadəsidir.

Azad Qubadlıda dalğalanan üçrəngli əzəzmətli Bayrağımız xalqımızın qürurunun, dövlətimizin suverenliyinin və şəhidlərimizin müqəddəs xatirəsinin rəmzidir. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onların qanı və canı bahasına qazanılan Zəfər Azərbaycanın gələcək nəsillərinə əmanət edilən ən böyük milli dəyərlərdəndir.

Tarixi Qələbəmizin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri də Möhtərəm Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis olunmasıdır. Həmin Sərəncama əsasən 25 oktyabrın Qubadlı Şəhəri Günü kimi təsis edilməsi xalqımızın Zəfər tarixinin yaşadılmasına, qəhrəmanlıq salnaməmizin gələcək nəsillərə ötürülməsinə və milli yaddaşımızın möhkəmləndirilməsinə xidmət edir.

Qubadlı Azərbaycanın quruculuq qüdrətinin, iqtisadi potensialının və Böyük Qayıdış strategiyasının mühüm ünvanlarındandır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi, Qubadlıda da genişmiqyaslı bərpa və yenidənqurma tədbirləri həyata keçirilir. Otuz ilə yaxın müddətdə dağıntılara məruz qalmış yaşayış məntəqələrinin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması dövlətimizin güclü iqtisadi imkanlarının və sosial siyasətinin göstəricisidir.

Nazirlər Kabinetinin 9 sentyabr 2025-ci il tarixli qərarı ilə Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi rayonun gələcək inkişafının sistemli və uzunmüddətli strateji əsaslar üzərində qurulduğunu göstərir. Baş plan çərçivəsində müasir yaşayış məhəllələrinin, sosial obyektlərin, təhsil və səhiyyə müəssisələrinin, nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun yaradılması nəzərdə tutulur. Qubadlının gələcək inkişafı zamanı əhalinin artımı, iqtisadi fəaliyyətin genişlənməsi, dayanıqlı enerji təminatı və müasir yaşayış standartlarının tətbiqi əsas prioritetlər kimi müəyyənləşdirilib.

Qubadlıda həyata keçirilən mühüm layihələrdən biri şəhərin ilk yaşayış məhəlləsinin inşasıdır. Ümumi sahəsi 3,34 hektar olan yaşayış kompleksində 21 binanın və 176 mənzilin tikintisi nəzərdə tutulur. Müasir memarlıq həlləri əsasında formalaşdırılan yaşayış məhəlləsi keçmiş məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıdışı üçün əlverişli şəraitin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

Rayonun Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması Böyük Qayıdış proqramının mühüm istiqamətlərindəndir. Mahruzlu kəndində ilkin mərhələdə 190 fərdi yaşayış evinin tikintisi və 836 sakinin məskunlaşdırılması, Zilanlı kəndində isə birinci mərhələdə 159 evin inşası və 772 nəfərin yerləşdirilməsi nəzərdə tutulur. Gələcəkdə Zilanlıda 2520 nəfərin yaşaması planlaşdırılır. Adıçəkilən layihələr kənd yaşayış məntəqələrinin müasir infrastrukturla təmin olunmasına, məşğulluq imkanlarının genişləndirilməsinə və bölgənin sosial-iqtisadi həyatının canlandırılmasına mühüm töhfə verəcək.

Qubadlının dayanıqlı enerji təminatının yaradılması istiqamətində görülən işlər xüsusi əhəmiyyət kəsb edir. 2021-ci il oktyabrın 25-də Möhtərəm Cənab Prezident İlham Əliyevin iştirakı ilə 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyasının istifadəyə verilməsi rayonun enerji infrastrukturunun bərpasında mühüm mərhələ oldu. Ümumi uzunluğu 76 kilometr olan ikidövrəli yüksəkgərginlikli elektrik verilişi xəttinin çəkilməsi, fiberoptik rabitə infrastrukturunun qurulması Qubadlının ölkənin vahid enerji və kommunikasiya sisteminə inteqrasiyasını təmin etdi. Sözügedən layihələr bölgənin gələcək sənaye, kənd təsərrüfatı və yaşayış potensialının inkişafı üçün möhkəm zəmin yaradır.

Nəqliyyat infrastrukturunun müasirləşdirilməsi Qubadlının iqtisadi perspektivlərinin genişlənməsində mühüm rol oynayır. Uzunluğu 28,5 kilometr olan Qubadlı–Eyvazlı avtomobil yolunun tikintisi, yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və inşası istiqamətində görülən tədbirlər bölgədaxili əlaqələrin gücləndirilməsinə, yaşayış məntəqələri arasında rahat hərəkətin təmin olunmasına və iqtisadi fəallığın artırılmasına xidmət edir. Layihələr Qubadlının Qarabağ və Şərqi Zəngəzurun vahid iqtisadi məkanına inteqrasiyasını sürətləndirən mühüm amillərdir".

Günay Ağamalı vurğulayıb ki, dövlət başçımız Cənab İlham Əliyevin işğaldan azad edilmiş Qubadlıya ardıcıl səfərləri, mühüm infrastruktur və sosial layihələrin təməlqoyma, eləcə də açılış mərasimlərində şəxsən iştirakı dövlətimizin bölgənin dirçəldilməsinə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir:
"2020-ci il dekabrın 23-də Qubadlıda Dövlət Bayrağımızın ucaldılması ilə başlanan yeni tarixi mərhələ sonrakı illərdə genişmiqyaslı quruculuq tədbirləri ilə davam etdirilməkdədir.

Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, inzibati binanın, yaşayış məhəllələrinin, o cümlədən Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlinin qoyulması dövlətimizin Böyük Qayıdış siyasətinin kompleks xarakter daşıdığının təzahürüdür.

Əsas məqsəd dağıdılmış infrastrukturu bərpa etmək, insanların təhlükəsiz, rahat və müasir şəraitdə yaşayışını təmin edən dayanıqlı sosial-iqtisadi mühit formalaşdırmaqdır.

Bütün bu tədbirlər bir daha göstərir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq siyasəti milli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Dövlətimiz öz gücü və iqtisadi imkanları hesabına erməni işğalının ağır nəticələrini aradan qaldırır, viran qoyulmuş şəhər və kəndlərimizi yenidən həyata qaytarır. Bir zamanlar dağıntıların hökm sürdüyü ərazilərdə bu gün yeni yollar çəkilir, müasir yaşayış kompleksləri inşa olunur, enerji və kommunikasiya xətləri qurulur, sosial infrastruktur yaradılır.

Tarixi Zəfərimiz azad edilmiş torpaqlarımızın dirçəldilməsi, milli irsimizin bərpası, Böyük Qayıdışın reallaşdırılması və dövlət suverenliyimizin möhkəmləndirilməsi ilə davam edir.

Qubadlının bərpası tarixi yaddaşımızın, milli kimliyimizin və mənəvi dəyərlərimizin yenidən doğma torpaqlarımızda yaşadılması deməkdir. Uzun illər yurd həsrəti ilə yaşayan soydaşlarımızın öz ata-baba ocaqlarına qayıtması xalqımızın milli iradəsinin, dövlətinə inamının və tarixi ədalətin təntənəsinin ifadəsidir.

Möhtərəm Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli liderliyi və Azərbaycanın güclü iqtisadi potensialı sayəsində Qubadlı yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun inkişaf edən, müasir infrastruktura malik, sosial-iqtisadi baxımdan əhəmiyyətli yaşayış və iqtisadiyyat mərkəzlərindən birinə çevriləcək.

Xalqımızın doğma torpaqlarına bağlılığını, azadlıq iradəsini və dövlətçilik əzmini heç bir qüvvə sarsıda bilməz. Qubadlının azadlığı uğrunda qazanılan Qələbə xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsi, həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri Zəfərimizin əbədiyaşarlığının təminatıdır".