BAKI, 10 oktyabr. TELEQRAF

Dövlət Sosial Müdafiə Fondu sosial şəbəkələrdə pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı vətəndaşların narahatlığına münasibət bildirib.

Teleqraf.az xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşad Mehdili məlumat verib.
O bildirib ki, bu müvəqqəti dəyişiklikdir və narahatlığa əsas yoxdur.

"Çünki hazırda işəgötürənlər tərəfindən cari ilin III rübü üzrə sosial sığorta haqlarına dair təqdim olunmuş hesabatların elektron sistemdə emalı prosesi aparılır.

Bu prosesdə vətəndaşların pensiya kapitallarında əks olunan bəzi məlumatlarda müvəqqəti dəyişikliklər müşahidə oluna bilər.

Emal prosesinin 11 oktyabr 17:00-dək başa çatdırılması gözlənilir.

Texniki proses başa çatdıqdan sonra şəxsi kabinetlərdə məlumatlar dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənmiş formada əks olunacaq".