BAKI, 8 oktyabr. TELEQRAF
“Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi xüsusi yer tutur. Nəzərə alsaq ki, bu regionda əsasən türk dövlətləri yerləşir, deməli, qarşılıqlı əməkdaşlığın strateji əhəmiyyəti daha geniş xarakter daşıyır”.
Bu fikirləri Teleqraf-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputatın sözlərinə görə, Azərbaycan-Mərkəzi Asiya ölkələri münasibətlərinin daha da gücləndirilməsi üçün mühüm platforma formalaşıb:
"Oktyabrın 8-də bu platformanın - Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün Türkmənistanın Türkmənbaşı şəhərində 8-ci sammiti keçirilib. Ölkəmiz bu platformaya ötən ilin noyabrında tamhüquqlu üzv qəbul olunub. Bu təşəbbüslə isə məhz Türkmənistan tərəfi çıxış edib.
8-ci Məşvərət Görüşündə çıxış edən Prezident İlham Əliyev son illərdə Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini diqqətə çatıdırb. Ötən ildən başlayaraq ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi də bunun göstəricisidir. Təbii ki, bütün bunlar iki ölkə arasında siyasi dialoqun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün xoş niyyətin ifadəsidir.
Digər tərəfdən, ötən il Türkmənistanın işğaldan azad olunmuş Füzuli şəhərində məscid tikintisini həyata keçirməsi, Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa etməsi türk dövlətlərinin siyasi və mənəvi birliyinin ifadəsidir".
2026.10.08
Sevinc Fətəliyeva bildirib ki, son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqələri xeyli genişlənib:
"Cənab Prezidentin dediyi kimi, siyasi əlaqələrimiz yüksək səviyyədədir. Eyni zamanda, iqtisadi-ticari əməkdaşlıq da güclənir, qarşılıqlı investisiyalar artır, birgə layihələr həyata keçirilir. Buna nümunə olaraq ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artmasını göstərmək olar. Eyni zamanda, bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir.
Həmçinin, Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması da qarşılıqlı inam və etimadın ifadəsidir. Ölkələrimiz nəqliyyat-loqistika sahəsində əməkdaşlıq nümunəsi ortaya qoyur. Çünki Avrasiya məkanında iqtisadi və nəqliyyat əlaqələrinin istiqamətləri sürətlə dəyişir. Yeni ticarət marşrutlarının axtarılması, enerji resurslarının alternativ istiqamətlər üzrə daşınması və ölkələrin xarici bazarlara çıxış imkanlarını genişləndirmək cəhdləri regionlararası əməkdaşlığın əhəmiyyətini əvvəlkindən daha da artırıb.
Bu prosesdə Xəzər hövzəsi unikal mövqeyə sahibdir. Çünki bu məkan Şərqlə Qərbi birləşdirən mühüm coğrafi xətt olmaqla yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı üçün də imkanlar yaradır. Son illərdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibətlərin intensivləşməsi məhz bu reallıqlar fonunda baş verir”.
Sevinc Fətəliyevanın sözlərinə görə, bu prosesdə Orta Dəhlizin rolu güclənir:
"Ötən il bu dəhlizlə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artması bu baxımdan mühüm göstəricidir. Sammitdə Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz yeni layihələr həyata keçirir. Məlumdur ki, Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparır. Lakin bu platformanın yalnız energetika və nəqliyyat sahələrində birgə layihələrlə məhdudlaşdığını söyləmək doğru deyil.
Cənab Prezidentin qeyd etdiyi kimi, ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməlidir. Ona görə də, Azərbaycanla Mərkəzi Asiya ölkələrinin qarşılıqlı əlaqələrinin inkişafı geostrateji əhəmiyyət kəsb edir”.