BAKI, 8 oktyabr. TELEQRAF
"Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir. Azərbaycanın bu formatda tamhüquqlu üzv statusu əldə etməsi ölkəmizin regiondakı siyasi və iqtisadi çəkisinin artmasının mühüm göstəricisidir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri artıq yalnız siyasi dialoqla məhdudlaşmır, konkret iqtisadi, investisiya, nəqliyyat və enerji layihələri ilə strateji məzmun kəsb edir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ötən il ticarət dövriyyəsinin 50 faizdən çox artması və Azərbaycanda Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi bu əməkdaşlığın praktiki nəticələrini nümayiş etdirir: "Birgə investisiya fondlarının yaradılması isə münasibətləri yeni mərhələyə, qarşılıqlı investisiya və birgə istehsal modelinə keçirmək üçün mühüm imkan yaradır.
Bu əməkdaşlığın ən mühüm istiqamətlərindən biri Orta Dəhlizdir. Azərbaycanın Xəzər üzərindən Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsi ölkənin tranzit və logistika əhəmiyyətini artırır. Daşımaların artması, liman, dəmir yolu və avtomobil infrastrukturlarına yatırılan investisiyalar, eləcə də “Rəqəmsal İpək Yolu” təşəbbüsü Azərbaycanın regional bağlantılarda rolunun uzunmüddətli xarakter daşıdığını göstərir.
Energetika sahəsində əməkdaşlıq da Azərbaycanın geoiqtisadi mövqeyini möhkəmləndirir".
Deputat qeyd edib ki, Türkmənistan və Qazaxıstan enerji resurslarının Azərbaycan ərazisi ilə beynəlxalq bazarlara çıxarılması, həmçinin Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması ölkəmizin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində regional tranzit və əməkdaşlıq mərkəzi kimi mövqeyini gücləndirir: "Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın iştirakı isə münasibətlərə xüsusi siyasi və mənəvi məzmun verir. Füzuli və Ağdamda həyata keçirilən layihələr Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünə və Qarabağın dirçəlişinə praktiki dəstəyinin ifadəsidir.
Ümumilikdə, Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı regional inteqrasiyanın yeni modelini formalaşdırır. Siyasi etimadın iqtisadi tərəfdaşlıq, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və qarşılıqlı investisiyalarla tamamlanması Azərbaycanın regionlararası əlaqələrdə strateji rolunu daha da artırır. Prezident İlham Əliyevin vurğuladığı kimi, sülh, təhlükəsizlik və sabitlik bu əməkdaşlığın davamlı inkişafının əsas şərtidir".