BAKI, 8 oktyabr. TELEQRAF
Ümid Partiyasının sədri İqbal Ağazadə Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- İqbal bəy, Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması fonunda rəsmi İrəvanın silahlanması diqqətdən yayınmır. Hindistan və Fransa ilə birlikdə özünün hərbi imkanlarını artırmağa çalışan İrəvanın sülh ritorikası nə dərəcədə inandırıcı görünür?
- Hər hansı bir ölkənin özünün müdafiə qabiliyyətini artırmaq üçün daxili istehsal və yaxud xaricdə aldığı silahlar heç də onun müharibəyə hazırlaşması demək deyil. 2020-2023-cü illərdəki hərbi əməliyyatlardan sonra Ermənistanın yenidən Azərbaycanla müharibə etmək və bu istiqamətdə hər hansı təşəbbüsdə olmaq ehtimalı azdır. Bu, sadəcə Ermənistan daxilinə verilən mesajdır. Onlar demək istəyir ki, “biz öz sərhədlərimizə çəkilmişik, Azərbaycan torpaqlarından geri durduq. İndi isə əmin-arxayın olun ki, torpaqlarımızı müdafiə etmək gücündəyik. Bunun üçün ciddi təhlükəsizlik tədbirləri görürük”.
Fakt odur ki,erməni tərəfi artıq uydurma "böyük Ermənistan" ideologiyasından imtina edib, 29,8 min kvadrat kilometrlik əraziyə sahib olduqlarının təbliğatını aparırlar. Ermənistanın Baş naziri Nikol Paşinyan son dövrlər məhz 29,8 min kvadrat kilometrlik ərazini özündə ehtiva edən xəritənin emblemini yaxasında gəzdirir. Daxili auditoriyaya bu da açıq mesajdır.

- Bu cür mesajların əsas məqsəd nədir?
- Ermənistandakı revanşist qüvvələr, daxildəki bəzi müxalifət nümayəndələri tezliklə Göyçənin, Zəngəzurun Azərbaycana veriləcəyini, vaxtilə bu ərazilərdə yaşamış azərbaycanlıların geri qayıdacağı ilə bağlı təbliğat xarakterli çıxışlar edirlər. Ermənistan rəsmilərinin atdığı addımlar bu cür yanaşmalara adekvat münasibətdir.
- Bu halda sülh üçün hansı təhdidlər var?
- Hazırda sülh üçün açıq təhdidlər mövcud deyil. Ermənistanın sülhdən başqa yolu yoxdur. 2025-ci ilin avqustunda ABŞ-də Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin yaxın dövrlərdə reallığa çevriləcəyi də mümkündür. Beləliklə, Ermənistan tərəfi Azərbaycan və Türkiyə ilə münasibətlər sistemində yeni bir səhifə açacaq.

- Zəngəzur dəhlizi (TRIPP layihəsi) ilə bağlı bölgə və ondan kənarda olan dövlətlərin, xüsusi ilə Rusiyanın açıq narahatlıqları var. Bunun fonunda layihənin reallığa çevrilməsi nə dərədəcədə inandırıcı görünür?
- Bu layihəyə qarşı təkcə Rusiya deyil, İranın da yanaşması birmənalıdır. Bu dəhlizin açılmasına qarşı onlar da təhdidedici mövqe sərigləyir. Amma Rusiyanın və İranın mövqeləri fonunda dəhlizin açılmaması, yəni TRIPP layihəsinin reallaşmasına maneə törədiləcəyi inandırıcı deyil. Çünki bu istiqamətdə bütün önləyici tədbirlər görülür.

- Belə olan halda layihəyə qarşı olan təhdidlərin kökündə nə dayanır?
- Bu təhdidlər prosesdən nəsə əldə etmək və qazanc götürmək prinsipinə əsaslanır. Eyni zamanda onlar da bu layihənin içərisində yer almaq kimi perspektiv gözləyirlər. Bunun baş tutub-tutmayacağı çox ciddi suallar yaradır.
Rusiyanın Ukrayna cəbhəsində və dünyada baş verən hadisələrə münasibətdə kifayət qədər nüfuz itirməsi onun Cənubi Qafqazda yenidən söz sahibi olmaq və regiondakı transmilli layihələrə nəsə etmək imkanını sıfıra endirib. Sadəcə olaraq dəhlizin açılması məsələsi ləngiyə, bu istiqamətdə danışıqlar uzana bilər. TRIPP layihəsi bütün hallarda gerçəkləşəcək.

- Ermənistan konstitusiyasında aparılacaq islahatlarla bağlı hazırkı müstəvidə, sizcə, əsas maneə nədən ibarətdir?
- Çox guman ki, Ermənistan konsitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması ilə bağlı referendum baş tutacaq. Referendumda isə Ermənistan parlamentinin iradəsi tələb olunmur. Burada səs çoxluğu hər şeyi həll edir. Paşinyan bu imkanlara malikdir. Yekunda bu məsələ də həll olunacaq.
Ermənistanın üzərinə götürdüyü öhdəliklər var. Bu öhdəliklərdən boyun qaçırılması fonunda sülh müqaviləsinin imzalanması çətin görünür.