BAKI, 2 oktyabr. TELEQRAF

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə həm ictimai-siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımdan vəziyyət acınacaqlı durumda idi.

Teleqraf xatırladır ki, həmin dövrdə Ermənistanın Azərbaycana elan etmədən müharibə aparması ölkədəki siyasi vəziyyəti daha da çətin duruma salmışdı.

Yeni Azərbaycan Partiyasının təsis olunması

Ümummilli lider Heydər Əliyev 1991-ci ildə Naxçıvana gəldikdən sonra Azərbaycan xalqında bir ümid yaranmışdır ki, ölkəni düşdüyü çətin durumdan yalnız Heydər Əliyev çıxara bilər. Məhz bu məqsədlə ziyalılar ulu öndərin ətrafında birləşmək qərarına gəlir. 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan edirlər. 24 oktyabr 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciəti müsbət qarşılayaraq onların təklifini qəbul edir.

Bu məqsədlə 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilir, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilir.

YAP-ın Heydər Əliyev dövrü

Təsis konfransından sonra - 18 dekabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 1993-cü ilin aprel ayında partiyanın mətbu orqanı olan "Yeni Azərbaycan" qəzetinin ilk sayı çapdan çıxıb.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

Partiya sədri Heydər Əliyev 4 iyun Gəncə qiyamından sonra Bakıya dəvət olunduğu üçün 9 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gəlib. O, 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib.

3 oktyabr 1993-cü il prezident seçkilərində isə Heydər Əliyev xalq tərəfindən prezident seçilib.

Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrilib.

12 dekabr 2003-cü ildə partiya sədri, prezident Heydər Əliyev vəfat edib.

Partiyanın ənənələrini davam etdirən Prezident İlham Əliyev

15 oktyabr 2003-cü il prezident seçkilərində qələbə qazanan İlham Əliyev partiya sədrinin birinci müavini olaraq Heydər Əliyev vəfat etdikdən sonra partiyaya rəhbərlik etməyə başlayıb. 26 mart 2005-ci ildə YAP-ın III Qurultayı zamanı Prezident İlham Əliyev partiyanın sədri seçilib.

Ötən müddət ərzində YAP-ın keçirilən qurultaylarında müxtəlif dəyişikliklər olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən Partiyanın sədr müavini, 2021-ci ildən isə Partiya sədrinin birinci müavini kimi fəliyyət göstərir.

Partiyanın sıraları genişləndikcə mövcud struktur dəyişiklikləri də həyata keçirilib. Belə ki, əvvəllər 20 üzvdən ibarət olan İdarə Heyəti 5 mart 2021 tarixində keçirilmiş növbədənkənar qurultayda alınan qərarla 40 nəfərdən ibarət formalaşdırılıb. Həmçinin Yeni Azərbaycan Partiyasının VII Qurultayında 85 nəfərlik Siyasi Şura ləğv olunaraq əvəzinə 35 nəfərdən ibarət olan Veteranlar Şurası yaradılıb.

Eləcə də 1995-ci ildə YAP Qadınlar Şurası VII qurultay çəçivəsində ləğv olunub, əvəzində Mərkəzi Aparatın nəzdində Gender siyasəti şöbəsi yaradılıb.

Gənclər siyasətinə xüsusi önəm verən YAP-ın gənclər təşkilatı rəsmi olaraq YAP Gənclər Birliyi adlanır. Partiyanın VII qurultayından sonra Gənclər Birliyi yenidən formalaşdırılıb.

Zəfəri təmin edən Müzəffər Ali Baş Komandan

Prezident Heydər Əliyev YAP sədri kimi Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı 1994-cü ildə atəşkəsin əldə olunmasına nail oldu. Bundan sonra uzun illər iki tərəf arasında müxtəlif dövlətlərin təşəbbüsü ilə həm ulu öndər Heydər Əliyevin, həm də Preizdent, Ali Baş Komandan İlham Əliyevin dönəmində danışıqlar həyata keçirildi. Bu müddətdə Ermənistana heç bir təzyiq göstərilmədi, işğalçılıq siyasəti isə 30 ilə yaxın davam etdi. YAP sədri, Prezident İlham Əliyev Azərbaycanın bu reallıqla barışmayacağını bütün beynəlxalq platformalarda bəyan edirdi. 27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatlarına cavab olaraq başlanan və 44 gün davam edən İkinci Qarabağ savaşı nəticəsində işğal edilmiş torpaqlar azad edildi. Eyni zamanda 2023-cü ildə aparlan antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam edildi. Bu Zəfərin arxasında Yeni Azərbaycan Partiyasının sədri, Ali Baş Komandan İlham Əliyevin müstəsna rolu var. Bu qələbə bu gün diplomatiya sahəsində uğurla davam etdirilir.

YAP-a birləşən partiyalar

Yeni Azərbaycan Partiyasının sıraları genişləndikcə vaxtı ilə təsis edilmiş, amma uğur qazana bilməyən partiyalar ona birləşməyə can atıb. Müxtəlif zamanlarda partiya bu təkliflərdən imtina edib. Lakin 5 mart 2021 tarixində 6 partiya tərəfindən göndərilən birləşmə müraciəti Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında qəbul edilib. Beləliklə Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Yurddaş Partiyası və Milli Qurtuluş Partiyası Yeni Azərbaycan Partiyasına birləşib.

Bütövlükdə Yeni Azərbaycan Partiyasının 730 min nəfərdən çox üzvü var.