BAKI, 28 iyul. TELEQRAF
“Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi”nin (BMTMM) nizamnaməsi normativ hüquqi aktlara uyğunlaşdırılır.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Ədliyyə Nazirliyi Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Medianın İnkişafı Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanına uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.