BAKI, 28 iyul. TELEQRAF

Ümid Partiyasının sədri İqbal Ağazadə Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- İqbal bəy, Rusiya-Ukrayna müharibəsi fonunda Kiyevin adekvat addımları Moskvanı ciddi sınaqlarla üz-üzə qoyub. Rusiya ərazisində hərbi-strateji obyektlərin, neft anbarlarının Ukrayna tərəfindən vurulması bu ölkədə yanacaq böhranına səbəb olub. Belə olan halda müharibənin qısa zamanda bəlli şərtlər çərçivəsində dayanması ehtimalları gündəmə gətirilir…

- Rusiya-Ukrayna müharibəsinin nə vaxta qədər bu müstəvidə davam edəcəyini kimsə söyləyə bilməz. Amma bəlli olan şərtlər odur ki, Rusiya hərbi-siyasi və iqtisadi cəhətdən tükənmə nöqtəsinə gəlməlidir. Bu halda Kremlin danışıqlar masasına əyləşməsi mümkün ola bilər. İndiki halda Ukraynanın çalışdığı da budur. Rusiya ərazisində infrastrukturun vurulması, onun dərinliklərinə doğru zərbələrin endirilməsi bunun göstəricisidir. Sözsüz ki, bu qarşıya qoyulan bir strategiyadır. Bununla Rusiyanın danışıqlar masasına əyləşməsi əsas məqsəd kimi qarşıya qoyulub. Beləliklə, Kremlin Ukraynanın ərazi bütövlüyünü tanıması və yaxud qoşunlarını bəlli bir xəttdən geri çəkərək danışıqlara başlaması da məqsədlər sırasındadır.

- Qısa zamanda tərəflərin razılaşması ehtimalını necə dəyərləndirirsiniz?

- Bu, o demək deyil ki, bununla bütövlükdə hər şey dərhal həll oluna bilər. Yəni, Rusiya tərəfinin Ukraynanın ərazi bütövlüyünü tanıması işğal etdiyi ərazilərdən geri çəkilməsi də qısa zamanda mümkün olan məsələ deyil. Sözsüz ki, Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətdə olduğu müddətdə bəlli geriçəkilmələrin olması gözlənilmir. Çünki Putin də bu məsələdə bütün siyasi kariyerasını, hakimiyyətini və gələcəyini qurub. Amma Rusiya daxilində hər hansı bir proses başlasa, Putinə qarşı hərbi qiyam olsa və yaxud sosial-iqtisadi vəziyyətin ağırlığından dolayı əhalinin hökumətə etirazları başlasa, bu məsələlərdə yeni bir mərhələ başlaya bilər.

- Kiyev qarşıya qoyduğu hədəflərə hansı halda nail ola bilər?

- Ukrayna öz hədəflərinə doğru gedir. Hər gün Ukrayna tərəfindən Rusiya ərazisində strateji obyektlər nöqtə atışı ilə sıradan çıxarılır. Bu şəkildə davam etsə, Rusiyanın sona qədər duruş gətirməsi çox çətin olacaq.

- ABŞ- İran qarşıdurması fonunda iddialar var ki, Rusiya- Ukrayna müharibəsi bir qədər arxa plana keçir. Bu nə dərəcədə məntiqlidir?

- Əslində bu yanlış yanaşmadır. Hər müharibənin özünün xarakteri var. Bu gün Ukrayna müharibəni faktiki olaraq özü aparır. Ötən müharibə illərində yəni, 4 ildən çox müddətdə Ukrayna hərbi istehsalını və hərbi sənayesini qura bilib.

Ona kənardan verilən dəstək Ukrayna üçün də yetərlidir. Bu halda Ukrayna müharibəni insan resursları ilə deyil, müasir hərbi texnologiyanın üstünlüyü ilə idarə edə bilir. Çünki indi müharibə texnologiya ilə idarə olunur. Artıq Ukrayna canlı qüvvə ilə deyil, texnologiya ilə savaş müstəvisində proseslərə hakim kəsilib. Müharibənin ilk günlərindəki insan resursları ilə müharibə aparmaq imkanları Rusiya və Ukrayna üçün də artıq xeyli dərəcədə zəifləyib. İndi savaşda texnologiyalar döyüşür. Bu istiqamətdə isə Ukrayna çox üstündür.