BAKI, 23 iyul. TELEQRAF
“Psixiatriya yardımı haqqında” Qanuna dəyişiklik edilir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev qanuna dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən psixiatriya yardımı ilə bağlı məlumatlar və müalicədən imtina halları artıq məcburi olaraq elektron sağlamlıq kartı sistemində saxlanılacaq.
Yardım alan şəxsin qanuni nümayəndəsi yazılı müraciət etdikdən sonra 2 iş günü ərzində müəssisə rəhbərliyi tərəfindən məlumatlandırılmalıdır. Həmçinin qoyulan diaqnoz barədə müraciət edən şəxsə, prokurora və ya aidiyyəti dövlət qurumuna dərhal məlumat veriləcək.
Qanuna edilən digər mühüm əlavəyə görə, barəsində inzibati xəta işi aparılan şəxsin psixi vəziyyəti özü və ya ətrafdakılar üçün dərhal təhlükə yaradarsa, onun razılığı olmadan məcburi psixiatriya müayinəsi aparıla bilər. Bu qərarı icraatı aparan prokuror və ya səlahiyyətli vəzifəli şəxs qəbul edəcək.
Eyni zamanda, məcburi xəstəxanaya yerləşdirilmə zamanı xəstəxanada xüsusi təhlükəsizlik və rejim qaydaları tətbiq olunacaq. Əgər şəxs məhkəmə qərarı olmadan, həkim-psixiatrın rəyi ilə qeyri-könüllü stasionara yerləşdirilərsə, müəssisə rəhbəri bu barədə dərhal xəstənin yaxın qohumlarına və prokurorluğa xəbər verməyə borcludur.