BAKI, 1 iyun. TELEQRAF
Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar ölkənin qərb bölgəsinə – Gəncə, Göygöl və Şəmkir rayonlarına səfər edərək bu regionların zəngin tarixi, mədəni və təbii irsi ilə yaxından tanış olub.
Teleqraf xəbər verir ki, səfər çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri, məşhur “Xəmsə” əsərinin müəllifi Nizami Gəncəvinin məqbərəsini ziyarət edən səfir, onun əbədi ədəbi irsinə ehtiramını bildirib.
Proqram çərçivəsində Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyevlə görüşən diplomat, Hindistan ilə Azərbaycan arasında ədəbi və mədəni mübadiləni təşviq etmək məqsədilə Hindistanın Bakıdakı səfirliyində Taqor–Nizami Kitabxanasının yaradılması təşəbbüsü barədə məlumat verib.
Səfir həmçinin Gəncə ədəbi mühitinin görkəmli şəxsiyyətlərinə, şair və alimlərinə həsr olunmuş, Azərbaycanın zəngin intellektual irsini əks etdirən “Nizami Gəncəvi: Sələflər və Xələflər” parkını da ziyarət edib.
Səfərin növbəti dayanacağı olan Göygöl rayonunda səfir Kumar Göygöl Milli Parkının direktoru Yusif Kazımovla görüşərək parkın unikal biomüxtəlifliyi, ekoloji sərvətlərin qorunması və dayanıqlı turizmin təşviqi istiqamətində görülən işlərlə tanış olub.
Daha sonra Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyində direktor Gülşah Zeynalova ilə görüşən səfir, regionun tarixi və arxeologiyasını əks etdirən eksponatlara baxıb, Göygöl Mədəniyyət Mərkəzində isə yerli mədəni ənənələrin qorunması barədə məlumatlandırılıb.
O, həmçinin rayonun mədəni kimliyinin mühüm hissəsi olan XIX əsrə aid yaxşı qorunub saxlanılmış memarlıq nümunələrini yüksək qiymətləndirib.
Şəmkir rayonunda isə səfir erkən orta əsrlərdən XIII əsrə qədər mühüm şəhər mərkəzi olmuş və Azərbaycanın orta əsr şəhərsalma ənənələrini işıqlandıran Şəmkir qalasının tarixi əhəmiyyəti ilə tanış olub.
Daha sonra Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Günel Rzayeva ilə görüşən Abhay Kumar, muzeyin neolit dövrünə aid arxeoloji tapıntılar, qədim sikkələr, məişət əşyaları, musiqi alətləri və milli geyimlər daxil olmaqla 5800-dən çox eksponatdan ibarət zəngin kolleksiyasını incələyib və muzeyin bölgə irsinin təbliğindəki mühüm rolunu vurğulayıb.
Ümumilikdə bu səfər Qərbi Azərbaycanın zəngin mədəni, tarixi və təbii irsinin daha dərindən öyrənilməsinə, həmçinin Hindistan ilə Azərbaycan arasında mədəni anlaşmanın və xalqlararası əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm imkan yaradıb.