BAKI, 29 may. TELEQRAF
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə etdiyi çıxış ölkənin aqrar sektorunun mövcud vəziyyətinin təhlili, qarşıda duran strateji vəzifələrin müəyyənləşdirilməsi və bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərinin açıqlanması baxımından vacib yol xəritəsi hesab olunur. Dövlətimizin başçısı kənd təsərrüfatının iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında, ərzaq təhlükəsizliyinin təmin edilməsində, regionların sosial-iqtisadi tərəqqisində və əhalinin məşğulluğunun artırılmasında oynadığı rol xüsusi vurğulayıb. Həmçinin son illər ərzində ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyi, aqrar sektorun maddi-texniki bazasının möhkəmləndirilməsi, fermerlərə olan dəstək və istehsal potensialının artırılması məqsədilə mühüm layihələr həyata keçirilib.
Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, dövlət tərəfindən verilən subsidiyalar, güzəştli kreditlər, kənd təsərrüfatı texnikasının lizinq yolu ilə fermerlərin istifadəsinə təqdim olunması, toxumçuluq və damazlıq işlərinin genişləndirilməsi, meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması aqrar sahənin inkişafına mühüm təkan verib:
“Sözsüz ki, müasir dövrdə dünya iqtisadiyyatında və beynəlxalq ərzaq bazarlarında müşahidə olunan proseslər hər bir dövlət qarşısında ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasını strateji vəzifə kimi müəyyən edir. Bu baxımdan Azərbaycanda daxili istehsalın artırılması, yerli məhsullarla özünütəminetmə səviyyəsinin yüksəldilməsi və kənd təsərrüfatı məhsullarının keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir.
Bu məqsədlə ölkənin təbii və iqtisadi potensialından səmərəli istifadə etməklə kənd təsərrüfatının bütün sahələrində məhsuldarlığın artırılması əsas məqsədlərdən biridir. Bunun üçün torpaq fondunun səmərəli idarə olunması, əkin sahələrinin genişləndirilməsi, intensiv becərmə üsullarının tətbiqi və müasir aqrotexniki qaydalara əməl olunması mühüm əhəmiyyət daşıyır. Xüsusilə taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, meyvəçilik və heyvandarlıq sahələrinin inkişafı istiqamətində görülən işlərin davam etdirilməsi olduqca vacibdir”.

Deputat qeyd edib ki, ölkə başçısının da vurğuladığı kimi aqrar sahədə innovativ texnologiyaların tətbiqinin əhəmiyyəti xüsusi əhəmiyyət kəsb edir:
“Müasir dövrdə kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması yalnız ənənəvi üsullarla deyil, elmi yeniliklərin və rəqəmsal texnologiyaların tətbiqi ilə mümkündür. Aqrar sahədə rəqəmsal idarəetmə sistemlərinin qurulması, elektron kənd təsərrüfatı informasiya bazalarının yaradılması, peyk müşahidələri və müasir monitorinq vasitələrinin tətbiqi istehsal prosesinin səmərəliliyinin yüksəldilməsinə imkan yaradır. Eyni zamanda, aqrar elmin inkişaf etdirilməsi, elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi bu sahənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Müşavirədə su ehtiyatlarından səmərəli istifadə və su təhlükəsizliyi məsələləri olduqca önəmlidir. Qlobal iqlim dəyişiklikləri, quraqlıq risklərinin artması və su ehtiyatlarının məhdudluğu şəraitində suvarma sistemlərinin müasirləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Bu məqsədlə yeni su anbarlarının tikilməsi, magistral kanalların yenidən qurulması, damcı və yağmurlama suvarma sistemlərinin tətbiqi, mövcud meliorasiya infrastrukturlarının bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Çünki su resurslarından səmərəli istifadə kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılmasına və məhsuldarlığın yüksəlməsinə birbaşa təsir göstərən əsas amillərdən biridir.
Ölkə başçısının da vurğuladığı kimi regionların sosial-iqtisadi inkişafının təmin edilməsində kənd təsərrüfatının rolu olduca vacibdir. Aqrar sektor kənd yerlərində əhalinin əsas məşğulluq sahələrindən biri olmaqla yanaşı, sosial rifahın yüksəldilməsində mühüm rol oynayır. Dövlət tərəfindən regionlarda yol, elektrik enerjisi, qaz, içməli su, rabitə və digər infrastruktur layihələrinin həyata keçirilməsi kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradıb. Bu layihələr kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına və sahibkarlıq fəaliyyətinin genişlənməsinə mühüm töhfə verir.
Müşavirədə həmçinin kənd təsərrüfatı məhsullarının emalı və ixrac potensialının artırılması məsələləri də diqqət mərkəzində olub. Dövlət başçısı qeyd eedib ki, istehsal olunan məhsulların yalnız xammal şəklində deyil, emal olunmuş formada ixracı daha yüksək əlavə dəyərin formalaşmasına və milli iqtisadiyyatın gəlirlərinin artmasına xidmət edir. Bu məqsədlə aqroparkların yaradılması, logistika mərkəzlərinin qurulması, soyuducu anbarların tikilməsi və emal sənayesinin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Təbii ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərin, sahibkarların və müvafiq dövlət qurumlarının üzərinə düşən vəzifələr də xüsusi ənəm kəsb edir. Burada qarşılıqlı əməkdaşlığın və məsuliyyətli fəaliyyətin vacibliyi olduqca önəmlidir. Bu istiqamətdə dövlət tərəfindən göstərilən dəstək mexanizmlərindən səmərəli istifadə edilməli, istehsal prosesində şəffaflıq və məhsuldarlıq əsas prinsip kimi götürülməlidir. Fermerlərin bilik və bacarıqlarının artırılması, peşəkar kadr hazırlığının gücləndirilməsi və aqrar sahədə maarifləndirmə tədbirlərinin genişləndirilməsi də prioritet vəzifələr sırasında olmalıdır”.
Eldar Quliyev hesab edir ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı məsələsinə də xüsusi diqqət ayrılıb:
“Həmin ərazilərin zəngin torpaq və su ehtiyatları, əlverişli iqlim şəraiti və geniş iqtisadi imkanları gələcəkdə ölkənin aqrar potensialının əhəmiyyətli dərəcədə artırılmasına şərait yaradacaq. Bu ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri çərçivəsində müasir kənd təsərrüfatı infrastrukturu yaradılır, innovativ texnologiyalara əsaslanan istehsal modelləri tətbiq edilir və yeni aqrar təsərrüfatların formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Nəticə etibarilə, Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı aqrar sektorun gələcək inkişaf strategiyasını müəyyən edən mühüm siyasi və iqtisadi əhəmiyyətə malik proqram xarakterli çıxışdır. Çıxışda səsləndirilən müddəalar kənd təsərrüfatının modernləşdirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, regionların davamlı inkişafının təmin olunması, ixrac potensialının artırılması və kənd əhalisinin rifahının yüksəldilməsi istiqamətində dövlət siyasətinin əsas prioritetlərini əks etdirir. Həyata keçirilən məqsədyönlü islahatlar və dövlət dəstəyi tədbirləri nəticəsində Azərbaycanın aqrar sektorunun rəqabət qabiliyyətinin daha da güclənəcəyi, ölkənin ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin olunacağı və qeyri-neft sektorunun inkişafına mühüm töhfələr veriləcəyi şübhəsizdir”.