BAKI, 1 iyun. TELEQRAF

2026-cı ilin ilk beş ayı ərzində, may ayı da daxil olmaqla, Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə ümumilikdə 2866 müraciət daxil olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq qurumdan məlumat verilib.

Müraciət edənlərin böyük hissəsini uşaqlarla bağlı problemlər üzrə dəstək axtaran böyüklər təşkil edib. Bu kateqoriya üzrə 1122 müraciət qeydə alınıb. Eyni zamanda, 15–18 yaş aralığında olan yeniyetmə və gənclər də xidmətə aktiv şəkildə müraciət edib, bu yaş qrupu üzrə 767 müraciət daxil olub.

Daxil olan müraciətlərin əksəriyyəti - 962 müraciət - ilkin psixoloji dəstək xarakteri daşıyıb. Bu göstərici uşaq və yeniyetmələrin emosional dəstəyə, dinlənilməyə və anlaşılmağa olan ehtiyacının yüksək olduğunu göstərir.

Hesabat dövründə zorakılıqla bağlı ümumilikdə 639 müraciət qeydə alınıb. Bu müraciətlərin 376-sı məişət zorakılığı, 137-si ümumi zorakılıq halları, 61-i bullinq, 54-ü isə kiberzorakılıqla bağlı olub.

Bu göstəricilər uşaqların və yeniyetmələrin təhlükəsizliyinin təmin edilməsi, zorakılığın erkən aşkarlanması və vaxtında müdaxilə mexanizmlərinin gücləndirilməsinin vacibliyini bir daha nümayiş etdirir. Azərbaycan Uşaq Qaynar Xətt xidməti bu istiqamətdə fəaliyyətini davam etdirərək müraciətçilərə psixoloji dəstək, məlumatlandırma və aidiyyəti qurumlara yönləndirmə xidmətləri göstərir.