BAKI, 17 may. TELEQRAF
Böyük Heydər Əliyev 1969-cu ildə Azərbaycanda yalnız siyasi hakimiyyətə gəlmədi; O, Azərbaycanın müasir dövlət obrazını yaratmağa, tarixiliklə müasirliyin vəhdətini əks etdirən simasını formalaşdırmağa başladı. Hələ sovet dövründə Ulu Öndər anlayırdı ki, dövlətin gücü yalnız iqtisadi göstəricilərlə ölçülmür. Güclü dövlət ilk növbədə şəhərləri ilə görünür - yollarla, körpülərlə, meydanlarla, milli üslublu memarlıqla…
Ən əsası isə insanlara yaratdığı yaşam komfortu ilə, estetik mühitlə, davamlı abadlıq, quruculuq prosesi ilə…
Bu, sovet dönəminin Azərbaycanı üçün tamamilə yeni yanaşma idi. Çünki o dövrdə SSRİ məkanında bir-birinə bənzəyən şəhərlər əsasən tipik sovet standartları ilə qurulurdu. Bakı isə tədricən milli ruhu, Şərq estetikası və Avropa modernizmini özündə birləşdirən fərqli paytaxta çevrilirdi.
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin Azərtac-da yayımlanan son məqaləsində də məhz bu məqam xüsusi vurğulanır: Heydər Əliyevin şəhərsalma fəlsəfəsi sadəcə tikinti siyasəti deyildi. Bu, milli dövlətçilik konsepsiyasının memarlıq dili ilə ifadəsi idi.
1969-1982-ci illər Azərbaycan tarixində böyük quruculuq və modernləşmə mərhələsi kimi qalıb. O illərdə Bakı sovet məkanının boz şəhərlərindən biri olmaqdan çıxaraq yeni urbanistik sima qazanmağa başladı. Yeni yaşayış massivləri salındı, prospektlər genişləndirildi, metro xətləri çəkildi, sənaye zonaları yaradıldı.
Məhz həmin dövrdə Bakı Metropoliteninin inkişafı sürətləndirildi. “Nizami”, “Elmlər Akademiyası”, “Memar Əcəmi” kimi stansiyalar istifadəyə verildi. Bu stansiyalar sadəcə nəqliyyat infrastrukturu deyildi. Onlar Azərbaycan memarlıq məktəbinin, milli ornamentlərin, estetik düşüncənin nümunələri idi.

Ulu Öndər şəhəri betonla, daşla, qumla deyil, milli ruhla qururdu. Azərbaycanın baş şəhəri daş-daş, kərpic-kərpic yüksəldikcə milli kimlik də həmin tikililərin içinə hopurdu. Bakı sovet şəhəri olmaqdan çıxmışdı. Bakının ruhu artıq milli idi.
Həmin illərdə tikilən məşhur saraylar, yeni ali məktəb korpusları, inzibati binalar, mədəniyyət ocaqları Azərbaycanın gələcək müstəqil dövlət obrazının ilkin konturlarını cızırdı.
Bakının böyüdülməsi ilə paralel regionların inkişafı da Heydər Əliyevin siyasətinin əsas istiqamətlərindən biri idi. Yeni yollar çəkilir, rayon mərkəzləri abadlaşdırılır, sənaye müəssisələri yaradılırdı. Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Şirvan, Naxçıvan kimi şəhərlərin inkişafına xüsusi diqqət ayrılırdı. Azərbaycan ilk dəfə idi ki, sistemli şəkildə inkişaf edən vahid dövlət modelinə çevrilirdi.
1982-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyinə yüksəlməsi isə Azərbaycanın nüfuzunu ittifaq miqyasında daha da artırdı. O dövrdə Bakı yalnız respublika paytaxtı deyil, SSRİ məkanında diqqət çəkən şəhərlərdən biri sayılırdı. Azərbaycan memarları, mühəndisləri və şəhərsalma mütəxəssisləri üçün yeni imkanlar açılırdı.
90-cı illər Azərbaycanın ən ağır sınaq dövrü oldu. Dövlət dağılır, müharibə, iqtisadi böhran, siyasi xaos ölkəni uçuruma aparırdı. Zavodlar dayanmış, küçələrdə, evlərdə ümidsizlik hökm sürürdü...
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev əvvəlcə Azərbaycan dövlətini xilas etdi, sonra onu yenidən qurmağa başladı. Bu, sözün əsl mənasında, yenidənqurma idi.
Məhz həmin illərdə Azərbaycanın müstəqilliyi möhkəmləndirildi. “Əsrin müqaviləsi” bir tərəfdən ölkənin müstəqilliyinin qarantı, digər tərəfdən iqtisadi inkişafın təməliydi. Bu müqavilə ilə ölkəyə milyardlarla dollar investisiya gəldi. Bakı sürətlə dəyişməyə başladı. Yeni yollar, körpülər, yaşayış kompleksləri, inzibati binalar inşa edildi. Azərbaycanın gələcək iqtisadi sıçrayışının və urbanistik inkişafının təməli qoyuldu.

2003-cü ildən sonra isə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən böyük quruculuq mərhələsinə daxil oldu.
Bu artıq adi inkişaf deyildi. Bu, faktiki olaraq əsası H.Əliyev tərəfindən qoyulan nəhəng yenidənqurmanın davamı idi.
Son 20 ildən artıq müddətdə Azərbaycan təkcə regionun deyil, dünyanın diqqətini çəkən modern inkişaf modeli yaradıb. Bugünkü Bakı Qafqazın ən müasir şəhərlərindən biri, birincisidir.
“Heydər Əliyev Mərkəzi” dünyanın ən möhtəşəm memarlıq nümunələrindən biri kimi Azərbaycanın yeni estetik düşüncəsini simvolizə edir. Bakı Olimpiya Stadionu, Bakı Kristal Zalı, yeni hava limanları, beynəlxalq magistrallar, körpülər, tunellər, bulvar zolaqları, Ağ Şəhər layihəsi… Azərbaycanın artıq tamamilə yeni mərhələyə keçdiyinin göstəricisidir.
2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları Azərbaycanın xəritəsini nəzərəçarpacaq dərəcədə dəyişdi. Minlərlə kilometr avtomobil yolu çəkildi, yüzlərlə məktəb və xəstəxana binaları tikildi, kəndlər qazlaşdırıldı, elektrik və su infrastrukturu tamamilə yeniləndi.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən humanitar və mədəni layihələr bu modernləşməyə xüsusi estetik və mənəvi dərinlik verir. Tarixi abidələrin bərpası, məscidlərin, məktəblərin, xəstəxanaların, mədəniyyət mərkəzlərinin yenidən qurulması dövlət siyasətinin sosial-humanitar mahiyyətini ortaya qoyub.
Bu gün Azərbaycanın inkişafı artıq yalnız Bakı ilə məhdudlaşmır. Ən ucqar kəndlərə qədər yeni həyat gəlib. Bu gün Lerikdə də, Qusarda da, Yardımlıda da, Zaqatalada da, Cəbrayılda da yeni yollar, məktəblər, parklar, sosial obyektlər görünür.

Ancaq Prezident İlham Əliyevin abadlıq və quruculuq konsepsiyasının ən möhtəşəm təcəssümü işğaldan azad olunmuş torpaqlardadır...
Bu gün Qarabağ və Şərqi Zəngəzur dünyanın ən böyük yenidənqurma meydanlarından biridir. Yalnız bir fərqlə. Burada sadəcə şəhərlər bərpa edilmir. Burada yerlə-yeksan edilmiş torpaqlarda yeni həyat qurulur.
İşğal illərində Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın şəhərləri və yüzlərlə kənd demək olar ki, tamamilə dağıdılmışdı. Bəzi şəhərlərin yerində yalnız xarabalıq qalmışdı. Xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırırdı.
Bu gün isə həmin torpaqlarda yeni şəhərlər yüksəlir.
Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya tikildi. Ardınca Zəngilan Beynəlxalq Hava Limanı və Laçın Beynəlxalq Hava Limanı istifadəyə verildi. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri həyata keçirildi. Yeni magistrallar, tunellər, dəmir yolları çəkildi.
Bu, sadəcə bərpa deyil. Bu, XXI əsrin yeni urbanizasiya modelidir.

Prezident İlham Əliyev dağıdılmış şəhərləri sıfırdan yenidən qurdu, köçkün insanlara yeni evlərinin açarlarını təqdim etdi. Dünyada nadir görünən bir proses baş verdi - xarabalıqlardan müasir şəhərlər yarandı.
Ağdamın müasir şəhərə çevrilməsi, Şuşanın tarixi ruhunun qorunaraq yenidən dirçəldilməsi, Laçın və Kəlbəcərin yeni memarlıq konsepsiyası əsasında qurulması göstərir ki, Azərbaycan artıq yalnız bərpa etmir - gələcəyin gözəl şəhərlərini yaradır.
Bu gün “World Urban Forum 13”-ün məhz Azərbaycanda keçirilməsi də təsadüfi deyil. Bu forum Prezident İlham Əliyevin quruculuq və şəhərsalma fəlsəfəsinin beynəlxalq səviyyədə qəbulunun göstəricisidir.
Çünki müasir Azərbaycan artıq dünyaya yalnız enerji ölkəsi kimi təqdim olunmur. Azərbaycan bu gün dağıdılmış torpaqlarda həyat quran, şəhərlər salan, tarixi dirçəldən, modern urbanistika nümunəsi yaradan güclü dövlət kimi qəbul olunur.
.jpg)
Bu gün Bakının işıqları, Qarabağda yüksələn yeni şəhərlər, regionları birləşdirən yollar, hava limanları və nəhəng infrastruktur layihələri bir həqiqəti təsdiqləyir: Heydər Əliyevin əsasını qoyduğu dövlət quruculuğu prosesi İlham Əliyevin rəhbərliyi ilə özünün ən möhtəşəm zirvəsinə yüksəlib. Və “WUF13” bu böyük quruculuq salnaməsinin artıq dünyaya təqdim olunan təntənəsidir.
Bu Azərbaycan bütün azərbaycanlıların qüruru, evi və Vətənidir…