BAKI, 6 aprel. TELEQRAF

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Mətin bəy, Ermənistanda yayda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ərəfəsində fərqli yanaşmalar eşidilir. Qərbin və Rusiyanın bu ölkədəki seçki prosesinə daha çox müdaxilə edəcəyi ilə bağlı iddialar səslənir. Bunun fonunda prosesin hansı səviyyədə keçəcəyi ilə bağlı proqnozlar nədən ibarətdir?

- Hazırda Ermənistan daxilində seçki ərəfəsində mürəkkəb vəziyyət yaranıb. Hakimiyyət və ona qarşı olan qüvvələr xeyli fəallaşıblar. Baş nazir Nikol Paşinyanın da əsas məqsədi seçkilərdə qalib gələrək hakimiyyətini qorumaqdır. Buna əks olan qütb yəni, revanşistlər isə müxtəlif vasitələrdən istifadə edərək, qarşıdakı seçkilərdə ciddi uğur əldə etmək niyyətindədir. Bu kontekstdə hər iki tərəfin təbliğat şüarlarına nəzər saldıqda onların tamamilə bir-birindən fərqləndiyini görmək olar. Əgər, Paşinyan bu gün erməni cəmiyyətinə sülhdən, region ölkələri ilə əməkdaşlıqdan danışırsa, ona əks olan revanşist qüvvələr daha çox keçmiş münaqişə vəziyyətini müxtəlif bəhanələrlə bərpa etmək, yenidən xəstə və absurd ideyaları “dirçəltmək”, qonşu ölkələrlə münasibətləri korlayacaq şüarlarla çıxış edirlər. Bununla da onlar erməni cəmiyyətindən müəyyən dəstək almağa çalışırlar.

- İndiki şəraitdə Ermənistan daxilində qüvvələr nisbətinə nəzər saldıqda hansı tərəfin daha çox üstünlüyə malik olduğunu görmək olar?

- Nikol Paşinyan və onun komandasının qarşıdakı parlament seçkilərində qalib gəlmək ehtimalı çoxdur. Buna baxmayaraq, ona əks olan qüvvələr, revanşistlər də müəyyən sosial bazaya, ciddi resurslara malikdir. Ona görə indidən yaydakı parlament seçkilərində hansısa tərəfin qalib gələcəyi ilə bağlı fikir söyləmək çox çətindir.

- Paşinyan bu üstünlüyü seçkilərə qədər qoruyub saxlaya biləcəkmi?

- Təbii ki, bu da sual altında olan bir məsələdir. Revanşist qüvvələrin erməni cəmiyyətində sosial dayaqları olmaqla yanaşı, kənar dəstəkləri də mövcuddur. Bununla bərabər revanşist qüvvələr hazırda öz aralarında müəyyən koalisiyalar formalaşdırırlar. Çalışırlar ki, bu koalisiyalar vasitəsilə qarşıdakı seçkilərdə iştirak etsinlər. Həmçinin Ermənistanın hazırkı hakimiyyətinə də siyasi, ideoloji və hibrid hücumlar xeyli artıb. Məqsədləri ictimai rəydə mövcud hakimiyyətin mövqeyini zəiflətməkdir. Bütün bunlar onun deməyə əsas verir ki, seçki ərəfəsində Ermənistanda siyasi mübarizə xeyli dərəcədə kəskinləşib və bu davam edəcək.

- Ermənistandakı seçkilərə dair məsələ Paşinyanın Moskva səfərində daha çox diqqəti çəkdi. Rusiya Prezidenti Vladimir Putinin proseslə bağlı yanaşmaları nəyi ehtiva edirdi? Kreml rəhbəri bununla nə demək istəyirdi?

- Hazırda, Ermənistan daxilindəki proseslərə müdaxilə edən iki kənar güc mərkəzi mövcuddur. Onlardan biri Rusiya, digəri isə Qərbdir. Kreml çalışır ki, Paşinyan hakimiyyəti devrilsin və Rusiyaya bağlı qüvvələr iqtidara gəlsin. Qərb isə Paşinyanın hakimiyyətinin qorumasında maraqlıdır. Bununla da tədricən Ermənistanın Rusiyanın təsirindən çıxmasını istəyirlər. Bu mənada Ermənistan hazırda Qərblə Rusiya arasında poliqona çevrilib. Sözsüz ki, bu da dövlət üçün arzuolunmaz haldır.

- Ölkənin təhlükəsizliyi bu hansı təhdidlər yaradır?

- Təbii ki, Ermənistanın təhlükəsizliyi üçün bu ciddi risklər formalaşdırır. Amma reallıq belədir. Putin də Paşinyanla son görüşündə açıq şəkildə öz mövqeyini ifadə etdi, Rusiyaya bağlı qüvvələr açıq şəkildə müdafiə olundu. Bu da ondan xəbər verir ki, Moskva qarşıdakı seçkilərdə öz məqsədinə nail olmaq niyyətindədir. Bunun üçün də müxtəlif təzyiq vasitələrindən istifadə ediləcək.

- Bu nəticə verəcəkmi?

- Sözsüz ki, hələlik bu məsələ də sual altındadır.